Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə – Paşinyan elan edəcəkmi?

Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzura səfərinin iyunun 17-nə kimi davam edəcəyi deyilir. O, bundan əvvəl Tavuş bölgəsinə sıx səfərlər edirdi. Bu səfərlərin sonunda Qazaxın işğaldakı 4 kəndi Azərbaycana qaytarıldı.

Bəs Paşinyanın Zəngəzur səfərindən sonra kommunikasiyaların açılması gözlənilə bilərmi? Xatırladaq ki, o, bir neçə gün əvvəl sülh müqaviləsi bağlanmadan kommunikasiyaların (Zəngəzur dəhlizi – red.) açılması mesajını vermişdi.

Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Nikol Paşinyan tez-tez Ermənistanın müxtəlif bölgələrinə səfərlər edir:

“Zəngəzura səfərinin Azərbaycanla danışıqlara, razılaşmalara təsir edəcəyini güman etmirəm. Ermənistanın üzərinə götürdüyü müəyyən öhdəliklər var və Nikol Paşinyan da bu məsələlərdə erməni cəmiyyətinə məlumat vermədiyi üçün belə çətin situasiya ilə üz-üzə qalıb. Rəsmi İrəvanın Azərbaycanla dövlət sərhədlərinin delimitasiyası prosesindən boyun qaçırması mümkün deyil”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan Azərbaycanla danışıqlardan, əldə edilən razılaşmalardan cəmiyyəti xəbərdar etmək üçün səfərlərə başlayıb:

“Sülh müqaviləsi imzalanmadan kommunikasiyaların açılması realdır. Lakin bu gün Zəngəzur dəhlizi layihəsinin əleyhinə çıxan təkcə Ermənistan deyil.

Prosesin arxasında daha böyük güc faktorları var. Onlar türk dünyasını gücləndirəcək, bölgəni ayağa qaldıracaq layihəni başqa formada şərh edərək Zəngəzur dəhlizinin açılmasını əngəlləyirlər”.

Safura Bənnayeva
Globalinfo.az