“Zəlzələ riski artıq gözlə görünəcək səviyyədədir” – Ekoloqdan həyəcanlı proqnoz

"Zəlzələ riski artıq gözlə görünəcək səviyyədədir" – Ekoloqdan həyəcanlı proqnoz

Türkiyədə baş verən son zəlzələ bir daha regionun seysmik risklər baxımından nə qədər həssas olduğunu xatırlatdı. Xüsusilə İstanbulda dağıdıcı zəlzələ ehtimalı yenidən gündəmə gəlib. “Zəlzələ ölkəsi” kimi tanınan Türkiyədə bu təbii fəlakətin davamlı olaraq baş verməsi cəmiyyətdə ciddi narahatlıq doğurur.

Bəs təhlükə nə qədər realdır? İstanbulda gözlənilən yüksək ballı yeraltı təkanlar gerçəkləşərsə, bu metropol üçün nəticələr nə ola bilər?

Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, Türkiyədə zəlzələ riski artıq yalnız elmi araşdırmaların deyil, reallığın özünün diktə etdiyi bir məsələdir.

Onun sözlərinə görə, xüsusilə 1999-cu ildən bəri bu təhlükə dəfələrlə özünü xatırladıb:

“Ən son yaşanan dağıdıcı zəlzələni hamımız xatırlayırıq, nə qədər ağır nəticələr verdi, necə dərin izlər buraxdı. İnanın, o görüntüləri yada saldıqca insanın ürəyi parçalanır. Nə qədər insan həyatını itirdi. Dünən baş verən zəlzələ zamanı xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb. Düzdür, yaralananlar və zərər çəkənlər oldu. Amma Allaha şükür ki, itki olmadı. Buradan sizin vasitənizlə bütün Türkiyə xalqına keçmiş olsun deyirəm. Allah Türkiyəmizi və ümumiyyətlə, bütün bəşəriyyəti belə fəlakətlərdən qorusun”.

Qorxmaz İbrahimlinin sözlərinə görə, Türkiyədə zəlzələ riski olduqca yüksəkdir, çünki ölkə bir neçə tektonik plitənin kəsişdiyi aktiv seysmik zonada yerləşir:

“Fay xətləri sıxdır və bu ərazilərdə geoloji gərginlik daim artır. Bu gərginlik arada bir boşaldıqda, təbii ki, zəlzələlər baş verir. Ümid edirik, boşalmalar nisbətən zəif – məsələn, 5-6 bal gücündə olar və böyük fəlakətlərə səbəb olmaz. Amma elmi proqnozlar göstərir ki, Böyük İstanbul və Mərmərə zəlzələsi ehtimalı hələ də gündəmdədir. İnşallah, bu baş verməz. Lakin baş verəcəksə, hazırlıqlı olmaqdan başqa yolumuz yoxdur”.

Hazırda İstanbul Böyükşəhər Bələdiyyəsi və Türkiyə hökumətinin bu istiqamətdə ciddi tədbirlər gördüyünü deyən ekoloq, əsas məqsədin insan itkilərini minimuma endirmək olduğunu bildirib:

"Zəlzələ riski artıq gözlə görünəcək səviyyədədir" – Ekoloqdan həyəcanlı proqnoz

Qorxmaz İbrahimli

“Köhnə tikililər sökülür, yerinə dayanıqlı binalar inşa olunur, əhali arasında maarifləndirmə işləri aparılır. Bərkitmə və köçürmə prosesləri də davam edir. Ən vacibi budur ki, bu işlər vaxtında və effektiv şəkildə həyata keçirilsin. Əgər gözlənilən zəlzələ baş versə, əvvəlcədən görülən tədbirlər çox şeyi dəyişə bilər. 2023-cü ilin fevralında baş verən zəlzələ Türkiyəni olduğu qədər Azərbaycanı da silkələdi. O hadisə bir daha sübut etdi ki, Türkiyənin böyük bir hissəsi seysmik cəhətdən risk altındadır. Eyni təhlükə Azərbaycanın bəzi bölgələri üçün də keçərlidir”.

Ekoloq həm Türkiyə, həm də Azərbaycan cəmiyyətinə səslənib:

“İnsanlar da, dövlət qurumları da hər zaman hazır olmalıdır. İstanbulun gələcək taleyi isə birbaşa bu hazırlıq səviyyəsindən asılıdır. Maarifləndirmə olmalıdır, təşviş deyil. Əhali bilməlidir ki, nə etməlidir və harada durmalıdır. Bu, həyati önəm daşıyan məsələdir”.

İbrahimli əlavə edib ki, İstanbulda çoxlu sayda köhnə bina var və bu, ciddi təhlükə yaradır.

“Hökumət və bələdiyyələr uzun illərdir bu sahədə çalışır. Söküntü işləri aparılır, daha dayanıqlı tikililər inşa olunur. Ümid edək ki, Mərmərə fay xətti aktivləşənə qədər İstanbul bu sınağa kifayət qədər hazır olacaq”.

Zaira Akifqızı
Globalinfo.az