Kursk əməliyyatından sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı yerli siyasətçilərin tənqidləri artıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Qəzet xüsusilə bu əməliyyatdan sonra Kiyevdə Moskvanın mövqeyini dəyişəcəyinin düşünüldüyünü bildirib. Lakin Kurska hücum Donbasda rusların irəliləyişinin qarşısını ala bilməyib. Bu da hökumətə qarşı tənqidləri gücləndirib.
Xüsusilə Rusiya ordusunun Pokrovsk şəhərinə yaxınlaşması Ukraynada situasiyanı gərginləşdirib. Məsələ ondadır ki, məhz bu şəhər ölkənin əsas dəmiryol və avtomobil qovşaqlarından biridir. Şəhərə nəzarət ruslara keçərsə, Ukrayna hərbçilərinin Donbasda təchizatı pisləşə bilər.
Ukraynalı hərbi analitiki Aleksandr Kovalenko Pokrovskada baş verənləri tam müdafiə uğursuzluğu adlandırıb:
“Mövqeləri tutan sadə hərbçilər günahkar deyillər. Problem onların yerinə qərar qəbul edənlərdədir. Ukrayna ordusu həmin ərazidə Baxmutdan daha sürətlə geri çəkilir”.
Digər ukraynalı ekspertlərin fikrincə, Kursk əməliyyatının başlanmasından sonra Rusiya Pokrovsk istiqamətində əvvəllər qeydə alınandan daha sürətli hərəkət etməyə başlayıb. Xarici Siyasət Tədqiqatları İnstitutunun baş elmi əməkdaşı Rob Li Rusiyanın uğurlarını Ukraynanın təcrübəli hərbçilərinin Kurska göndərilməsi ilə əlaqələndirib:
“Ukrayna Kurska əsas rezervlərini ayırdı, bununla da digər yerlərdə çox açıqlar buraxdı. Bəzi təcrübəli briqadaları yeniləri əvəz ediblər. Onların təcrübəsi isə azdır”.
Pokrovskda olan ukraynalı leytenant da bu fikirləri təsdiqləyib:
“Bəzi hərbçilər cəbhəyə hazırlıqsız göndəriliblər. Onlar donurlar. Bilmirlər real döyüşdə nə etsinlər. Çoxu məyus olur və ilk döyüşdə qaçırlar”.
Qəzet həmçinin yazır ki, ukraynalı hərbçilər sursat çatışmazlığından da şikayət edirlər. Onlar deyirlər ki, hökumət hər şeyi Kurska göndərir, bu da problem yaradır.
Əliyar Xəlil
Globalinfo.az














