***11:58
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşdən öncə qızğın döyüşlərin getdiyi Baxmut şəhəri ilə bağlı birmənalı qarşılanmayan açıqlamasına aydınlıq gətirib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Yaponiyanın Hirosima şəhərində keçirilən “Yeddilik Qrupu”nun (“G7”) yekunlarına dair mətbuat konfransında danışıb.
“Ukrayna hərbçiləri Baxmutdadırlar, onların üzərinə vacib vəzifə düşür. Bu o deməkdir ki, bu gün Baxmut Rusiya tərəfindən ələ keçirilməyib. Bunun iki və ya üç interpretasiyası ola bilməz”, – Ukrayna lideri vurğulayıb.
Qeyd edək ki, ötən gün “Vaqner” özəl hərbi şirkəti Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini açıqlamışdı. Daha sonra Zelenskinin də bu xəbəri təsdiqləməsi haqda məlumat yayılmışdı.
Tamerlan Yayaqan
Globalinfo.az














