Zelenskayanın bahalı maşın alması ortalığı qarışdırdı

Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımının 4.1 milyon dollarlıq avtomobil alması ictimaiyyətdə şok effekti yaradıb.

Rusiya ilə müharibə fonunda Avropa və ABŞ-dan Ukraynaya edilən milyard dollarlıq yardımlar fonunda Yelena Zelenskayanın bu addımı tənqidə səbəb olub.

Müharibə gedən ölkənin birinci  xanımının olduqca baha və ən populyar markadan maşın alması nədən xəbər verir?

Mövzunu Globalinfo.az – a şərh edən politoloq Samir Hümbətov deyib ki, Qərb ölkələrindən Ukraynaya ayrılan pullarla bağlı korrupsiya halının ortaya çıxması haqda məlumatlar var.

Onun sözlərinə görə, bu, ilk belə hadisə deyil:

“Əslində, son vaxtlar Qərb ölkələrinin Ukraynaya yardım ayırmaqda tərəddüd etməsinin arxasında məhz bu amillərin dayandığı qeyd edilir. Amma hər vəziyyətdə Ukraynanın israrlı olduğu da görünür. V. Zelenskinin həyat yoldaşının maşın almasına gəlincə, bu, biraz şəxsi mövzudur. Pulların hardan alınması təbii ki, sorğulanan məsələdir”.


Samir Hümbətov

Politoloq deyib ki, Volodimir Zelenskinin prezidentlik müddəti bitib və bir növ legitimlik statusunu müvəqqəti olaraq itirməkdədir:

“Hər halda bunlar hamısı sorğulanacaq. Müharibə gedən ölkədə belə hal olmamalı idi. Olubsa, deməli, vəziyyət kifayət qədər acınacaqlıdır və bu, Zelenski hakimiyyətinə ziddir. Hətta bundan istifadə edib Zelenskiyə qarşı kampaniya başladıla bilərlər”.

Qeyd edək ki, “Bugatti Tourbillon” Fransız avtomobil istehsalçısı Bugatti tərəfindən istehsal olunan orta mühərrikli hibrid idman avtomobilidir. O, “Tourbillon Chiron”u əvəz edir və 250 ədədlə məhdudlaşır. Bu maşın 20 iyun 2024-cü ildə onlayn şəkildə təqdim edilib. Onun qiyməti 3,8 milyon avro və ya 4,1 milyon ABŞ dolları dəyərindədir.

Zaira Akifqızı
Globalinfo.az