Yeni hərbi təyyarəmiz “Sezar”ı belə “vurdu” – “Spartan”ın ilk sirli “uçuşu”

 “Azərbaycan prezidenti İlham Əliyevin bu gün İtaliyanın Müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşməsi sadəcə hansısa yük təyyarəsinin ölkəmizə təhvil verilməsi ilə əlaqədar deyil. Bunu görüşmədən də etmək olardı. Zənnimcə, bu görüşün əsas səbəbi ermənilərə “Sezar” hərbi texnikası bağışlayan Fransaya verilmiş cavabdır”.

Siyasi şərhçi Heydər Oğuz Globalinfo.az-a açıqlamasında belə deyib.

Onun fikincə, Fransanın bu hərəkəti NATO müttəfiqləri arasında ciddi əks-səda doğurub:

“Təsadüfi deyil ki, bu hədiyyədən sonra ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken İlham Əliyevə zəng etdi. Azərbaycan prezidenti ona ölkəmizlə Ermənistan arasında aparılan sülh danışıqları barədə məlumat verdi. Sonra isə ATƏT-in Minsk Qrupunun artıq lüzumsuz bir quruma çevrildiyini, ələ-ayağa dolaşan bu qurumun dərhal ləğv olunmasının vaxtı gəldiyini tərəf müqabilinin diqqətinə çatdırdı. Üzərindən 1 iş günü keçməmiş ABŞ-ın Minsk Qrupundakı sabiq nümayəndəsi Ceyms Uorlik erməni mediasına çıxıb Parisin bu hərəkətinin Azərbaycanla Ermənistan arasında sona yaxınlaşan sülhə xidmət etmədiyini açıq şəkildə dilə gətirdi. Üzərindən az keçməmiş İtaliyanın Müdafiə nazirinin Bakıya gəlməsi və özü ilə bərabər təyyarə gətirməsi əslində Fransaya və Ermənistana verilmiş mesaj xarakteri daşıyır. Sanki bununla müttəfiqlər Fransaya demək istəyirlər ki, ağıllı ol, sənin kimi bizim də silahlarımız var və biz də Azərbaycana onları verə bilərik. Nəticədə Azərbaycan 44 günlük savaşda rus silahlarını itdən düşmüş etdiyi kimi, başlanmasını istədiyi Üçüncü Qarabağ müharibəsində eyni taleyi fransızlara yaşada bilər”.

İtaliyanın Fransa kimi özünü çox gözə soxmamasına baxmayaraq, əslində hərbi texnologiya baxımından ondan heç də geri qalmadığını bildirən Heydər Oğuz bunun ən bariz sübutunun ABŞ-da fəaliyyət göstərən “Global Firepower” şirkətinin bu il üçün hazırladığı dünyanın ən güclü orduları siyahı olduğuna inanır:

“Həmin siyahıda strateji müttəfiqlərimizdən olan Türkiyə 8-ci, Pakistan 9-cu, naziri bu gün Bakıya təşrif buyuran İtaliya isə 10-cu yerdə qərarlaşıb. Burnunu hər yerə soxan Fransa isə 11-ci yerdə qərarlaşıb”.

İtaliyanın Avropa İttifaqında Azərbaycanla ən yaxın münasibət quran ölkə olduğunu xatırladan siyasi şərhçi vurğuladı ki, həmin ölkə ilə ticarət dövriyyəmiz bu il 15 milyard dolları keçib: “Bu da Azərbaycan üçün ciddi rəqəmdir”.

İtaliya ilə Fransa arasında ixtilafın yeni olmadığını vurğulayan Heydər Oğuz bildirdi ki, çox da uzaq olmayan tarixdə – 2019-cu ilin əvvəllərində bu ixtilaflar böhran həddinə çatmışdı: 

“O vaxt baş naziri Cüzeppe Konte İsveçrənin Davos qəsəbəsində keçirilən 49-cu Dünya İqtisadi Forumunda çıxış edərək Fransanın BMT TŞ-dakı yerini şübhə altına almışdı. Demişdi ki, Fransanın bu yeri Avropa İttifaqına verilməlidir. Əgər Fransa BMT TŞ-dakı yerini istifadə edilə bilinəcək bir vəziyyətə gətirmək istəyirsə, bu barədə danışmalıyıq və məsələ Avropa kontekstində həll edilməlidir. Konte həmçinin çıxışında Fransa və Almaniya arasında problemlərin yaşandığına diqqət çəkərək, bu ixtilafların Aİ ölkələri arasındakı dostluğa zərər verməməsinin vacibliyinə toxunmuşdu. İki dövlət arasında bu ixtilaf jurnalistlərin də gözündən yayınmamışdı. Həmin vaxt Fransanın Avropa İttifaqı İşləri üzrə naziri, xanım Natali Luazo italyan rəsmilərinin bu sərt bəyanatının səbəbini soruşan jurnalistlərə açıqlamasında sözügedən fikirləri “mənasız açıqlamalar” adlandırmış və “Kim daha səfehdi” müsabiqəsi keçirmək istəmədiyini bildirmişdi. Fransız nazir həmçinin İtaliyanı “sarı jiletlilər”i dəstəkləməkdə günahlandırmışdı”.

Buna bənzər hadisənin İtaliyada keçirilən son G-7 zirvəsində yaşandığını xatırladan həmsöhbətimiz deyib ki, İtaliyanın indiki Baş naziri Corcia Meloni az qala Makronu sammitdən qovacaqdı: 

“Makronun günahı isə abort məsələsinin də zirvənin gündəliyə salınması ilə bağlı təklif irəli sürməsi olmuşdu. Meloni mühafizəkar təfəkkürlü bir siyasətçi olduğundan aborta kəskin qarşıdır və üstəlik, həmin toplantıda Roma Papası da iştirak edəcəkdi. Təbii ki, Roma Papası da insan öldürmək anlamına gələn bu məsələni yaxına buraxmaz. Sanki Makron qəsdən Vatikanla İtaliya arasında problem yaratmaq üçün bu təklifi irəli sürmüşdü”.

Heydər Oğuzun fikrincə, Fransa öz cığal davranışları ilə təkcə İtaliyanı deyil, bütün Qərb dünyasını zinhara gətirib: 

“Məqsədi isə I və II Dünya müharibələrindən əvvəlki imperialist mövqeyini bərpa etməkdir. Halbuki, bu iddianı həyata keçirmək üçün müəyyən resurslara malik olmaq lazımdır. Fransanın isə artıq o resursları qalmayıb. İqtisadi cəhətdən Almaniyaya, hərbi cəhətdən isə Böyük Britaniya və ABŞ-a uduzur. Hətta bir az da irəli getsək, Türkiyə və İtaliyadan da geridədir. Əlində bircə nüvə silahları var. O da Rusiya kimi nüvə silahlarını üzünə tutub dünya hegemonluğuna can atır. Ara yerdə isə Afrika və Sakit-Hind okeanlarındakı müstəmləkələrini bir-bir itirir. Bu da səbəbsiz deyil. Çünki müstəmləkələri saxlamaq üçün də güclü iqtisadiyyat və ədalətli idarəetmə lazımdır. Fransa isə hələ də köhnə müstəmləkəçilik təfəkküründən qurtulmayıb”.

Heydər Oğuz bildirib ki, Fransanın bu potensialını itirdiyini özləri də başa düşür: 

“Belə ki, Makron bu yaxınlarda Sarbonna universitetində çıxış edərək Avropanın ölüm ayağında olduğunu vurğulamışdı. Fikrini onunla izah etmişdi: “Biz iqtisadiyyatda Çindən, hərbi sahədən ABŞ-dan, enerji sahəsində isə Rusiyadan asılıyıq. Bu asılılıq sonunda bizi indiki üstün mövqeyimizdən məhrum edəcək və biz asılı olduğumuz güclərin köləsinə çevriləcəyik”. Makronun bu sözləri əslində Avropadan çox, Fransaya aiddir. Həqiqətən də bu iqtisadi tənəzzül və liderlərinin cığal davranışı ilə Fransa yoxoluşa sürüklənir”.

Zaira Akifqızı
Globalinfo.az