Yaxın Şərqdə yeni müharibə başlaya bilər: Bölgə yenidən dizayn edilir

Son günlər İsrail ilə Livan arasında vəziyyət gərginləşib. Xüsusilə Livandakı “Hizbullah” qruplaşmasının İsrailə ardıcıl hücumlar etməsi Təl-Əvivi hərəkətə keçməyə vadar edir.

Ekspertlər iddia edir ki, bu müharibə İsrailin iki cəbhə arasında qalmasına səbəbi ola bilər. Bundan başqa İsrailin belə bir müharibə ilə ərazilərini genişlədirə biləcəyini də iddia edənlər var.

Globalinfo.az – a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrail və HƏMAS arasında müharibə yeni cəbhənin açılmasına səbəb olur.

“İsrail hərbi kabineti Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatları təsdiq edib. ABŞ öz vətəndaşlarını Livandan çıxarmaq üçün təxliyə gəmisi göndərib.

Yaxın Şərqdə İranın proksi qüvvələrinə qarşı hərbi əməliyyatları ABŞ İsrailin vasitəsilə həyata keçirir. Məhz Vaşinqtonun razılığı olmasa, İsrail bir güllə ata bilməz. Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatlar Vaşinqtonun planı əsasında həyata keçirilir. Əsas strateji məqsəd Aralıq dənizi sahilində HƏMAS və “Hizbullah” silahlı təşkilatlarını sıradan çıxarmaqdır. Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlar aparılsa, Vaşinqton sahədə olacaq. Əgər, Livanda “Hizbullah” sıradan çıxarılsa, növbəti mərhələdə Yəməndə Husilər olacaq.
Göründüyü kimi, Yaxın Şərqdə yeni siyasi nizamın qurulması istiqamətində ciddi addımlar atılır. ABŞ Yaxın Şərqdə proksi qüvvələri sıradan çıxarmaq üçün Livanın, Qəzzada olduğu kimi, Yer üzündən silinməsinə razıdır. İsrail-“Hizbullah” müharibəsi ABŞ-ın razılığı ilə başlaya bilər. İranın müdaxiləsinə gəldikdə, Tehran Qəzza müharibəsində olduğu kimi bəyanatlarla kifayətlənəcək. Vaşinqton Yaxın Şərqi yenidən dizayn edir”.

Turan Rzayev
Globalinfo.az