Yaxın günlərdə Qarabağla bağlı bunu razılaşdıracağıq

ABŞ yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatını razılaşdırmaq niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O qeyd edib ki, ölkəsi Azərbaycanın ev sahibliyi etməyə hazır olmasından məmnundur:

“Biz yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə çalışacağıq ki, bu missiyanın necə görünəcəyini dəqiq müəyyən edək. Amma son nəticədə biz masaya qayıdış görmək istəyirik”.

Miller qeyd edib ki, ABŞ Azərbaycan hökumətinin sözün əsl mənasında verdiyi bəyanatı alqışlayır.

Departament sözçüsü Qarabağdakı son proseslər zamanı Rusiyanın rolunu məhsuldar hesab etməyib:

“Mən, əlbəttə ki, Rusiyanın ötən həftə burada məhsuldar rol oynadığını düşünmürəm. Biz bunu zaman-zaman görmüşük. Onların danışıqları asanlaşdırdığı hallar olub, biz bunu alqışlamışıq, lakin təbii ki, ötən həftə onların bu vəziyyətdə rolu məhsuldar olmayıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu bu gün qəbul edərkən rəsmi Bakının ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğunu bildirib.