Yaralı hərbçimizin son durumu açıqlandı – YENİLƏNİB

2000-ci il təvəllüdlü yaralı hərbi qulluqçu, əsgər Xəlilzadə Pərviz dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına DSX-nin hərbi təcili tibbi yardım maşını vasitəsilə gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov bildirib.

Onun sözlərinə görə, xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub: “Xəstə daxil olarkən vəziyyəti ağır idi, güllənin onurğa kanalının yan elementlərini zədələməsi nəticəsində xəstənin yuxarı ətrafında hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Xəstəyə cərrahi əməliyyat aparıldı və əməliyyatdan sonra güllə çıxarıldı, hazırda vəziyyəti kafidir, müalicəsi davam etdirilir”.
Pərviz Xəlilzadə

***09:18

Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində boyun nahiyəsindən yaralanan hərbi qulluqçumuz əməliyyat olunub.

Globalinfo.az oxu.az-a istinaən bildirir ki, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə ixtisaslaşmış tibb müəssisələrindən birində zəruri cərrahi əməliyyat keçirib. Həkim nəzarətində müalicəsini davam etdirir. Vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. İstintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin olunacaq.