5 gün öncə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı elan edildi. Namizədlərin adları cəmiyyətdə birmənalı qarşılanmadı. Narazılığı yaradan üç əsas səbəb vardı:
Birincisi, tərkibin xeyli hissəsinin yerində qalması.
İkincisi, yaşlı deputatların siyahıya daxil edilməsi.
Üçüncüsü, varislik sisteminin tətbiqi.
Üçüncü fakt cəmiyyətdə daha ciddi qıcıq yaratdı. İctimaiyyətdəki sualları aşağıdakı kimi ümumiləşdirə bilərik:
“Necə yəni, atası deputat olub, indi qızı, oğlu mandata sahiblənməlidir? Bu, hansı prinsiplə həyata keçirilir? Axı dövlətin nüfuzu, imici zədələnir. Bunun kimsə fərqində deyil?”
Bəli, sıravi insanlarda, deputatlığa iddialı olub, kənarda qalanlarda, media mənsublarında, bir sözlə, cəmiyyətin bütün təbəqələrindən bu suallar verilməyə başladı.
Amma bunun belə getməyəcəyini deyənlər də var idi. Siyahıya yenidən əl gəzdiriləcəyini istisna etməyənlər 5 gündür susmurdu. İyulun 22-də səhər saatlarında yayılan xəbər bu fikrin sahiblərini haqlı çıxardı. Hakim partiya siyahısından bir nəfəri siləsi oldu. Bu, hər kəsdə təəccüb və narazılıq yaradan namizədlərdən biri Maniyeva Aygün Şaitdin qızı idi. YAP onun namizədliyini 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürmüşdü. YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsindən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil edəcək.
Qərarın səbəbi belə açıqlandı ki, Maniyeva Aygünün atası Şaitdin Əliyev hazırda MSK-da vəzifə tutur. Qanunvericilik buna görə onun namizəd olmasına icazə vermir. Ş.Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub. O, kifayət qədər məşhur deputat idi. Özünəməxsus çıxışları ilə yadda qalıb.
Sual yaranır: Ş.Əliyevin MSK-da təmsil olunduğunu YAP-da bilmirdilər? Ya da bu vəziyyətdə onun ailə üzvlərinin namizəd olmasına qanunun icazə vermədiyi siyahını tərtib edənlərin yadına düşmürdü? Başqa vəzifə tutan şəxslərdən kimin övladı, həyat yoldaşı YAP-ın namizədlər siyahısında qalır?
İctimai rəyin əleyhinə gedib, bütün yazılan və yazılmayan qanunları ayaqlar altına alıb, kimlərinsə ailə maraqlarının təmin edilməsinə yol vermək olmaz. Cəmiyyətdə belə inam var ki, dövlətin ali rəhbərliyi – Prezident İlham Əliyev bu vəziyyətin aradan qaldırılması üçün çox keçmədən gərəkən müdaxiləni edəcək. Bəzi məlumatlara görə, siyahı ilə bağlı təftiş gedir. Hətta YAP-dan olmayan, atasının nüfuzu hesabına MM-ə düşməyə çalışan başqa namizədlərlərlə bağlı da ölçü götürüləcək.
Bir sözlə, YAP-ın deputatlığa namizədlər siyahısı ilə bağlı yaxın günlərdə sensasion dəyişikliklərə şahidlik edə bilərik.
Görünür, media hələ bu mövzuda xeyli manşet yazıları verəcək…
Tahir Turan
Globalinfo.az














