“Yanvar ayından təqaüdlərin 15 faiz artırılması gözlənilir. Amma əmək haqları ilə bağlı hələ ki, bir qərar yoxdur. Büdcə müzakirələri zamanı müxtəlif fikirlər səsləndirilsə də, yekdil bir qərar qəbul olmadı”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli təqaüdlərin artırılması haqda danışarkən deyib:
O bildirib ki, istər təqaüdlər, istərsə də əməkhaqları 15 faiz civarında artırılsa, yenə də yetərli olmayacaq:
“Çünki bizdə rəsmi rəqəmlərə görə ərzaq inflyasiyası 22-23 faizə yaxınlaşıb. Əhali də maaşının 55-56 faizini tək ərzağa xərcləyir. Təqaüdçülərdə isə bu rəqəm 75-76 faizə yaxındır. Bu da o deməkdir ki, əsas götürüləsi indiqator ərzaq inflyasiyasıdır”.
Ekspert deyib ki, bizdə ümumi inflyasiya hesablanır və ona uyğun artım olunur: “Ölkəmizdə təəssüf ki, ümumi inflyasiya rəqəmlərini əsas götürürlər və bununla da pensiyalarda15 faiz artım nəzərdə tutulur. Amma əmək haqları ilə bağlı belə bir qərar hələ yoxdur. Düşünürəm ki, qərar verilsə də, 15 faizdən çox artım olmayacaq. Lakin bu, büdcədən maliyyələşən və büdcədən maaş alan vətəndaşlara aid olacaq”.
Zaira Akifqızı
Globalinfo.az














