2022-ci il bütün dünya kimi regionumuz üçün də mühüm, bir o qədər də gərgin hadisələrlə yadda qaldı. Həmin hadisələrdən biri də erməni milyarder Ruben Vardanyanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizə gəlişi oldu. Vardanyanın regiona gəlişi müxtəlif sualların yaranmasına səbəb oldu.
Maraqlıdır, rəsmi Bakı 2023-cü ildə Xankəndidə antiterror əməliyyatı keçirib, separatçı “lider”lər Ruben Vardanyan və Araik Arutyunyanı həbs edə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, 2022-ci ildə olduğu kimi, 2023-cü il də regionumuz üçün gərgin keçəcək:
“Məsələ ondadır ki, baş verən hadisələrin analizi onu deməyə əsas verir ki, Ermənistan yeni müharibəyə təhrik edilir. Fransa başda olmaqla bir sıra ölkələr, habelə təşkilatlar prosesi yenidən qızışdırmağa, hətta müharibə kontekstinə keçirməyə səy göstərirlər.
Əlbəttə ki, Azərbaycan Ermənistanın istənilən təxribatına layiqli cavab vermək qüdrətində və iqtidarındadır. Digər tərəfdən, rəsmi Bakının Xankəndidə öz suverenliyini bərpa etmək kimi bir hüququ mövcuddur.
O ki qaldı rəsmi Bakının Xankəndidə antiterror əməliyyatı keçirib separatçı liderləri ələ keçirməsinə, bu, mümkündür. Ümumiyyətlə, 2023-cü ildə biz belə bir antiterror əməliyyatı görə bilərik. Çünki 10 noyabr bəyanatının müvafiq bəndləri hələ də icra edilməyib. Digər tərəfdən, Rusiya sülhməramlılarının fəaliyyəti də qənaətbəxş deyil. Erməni milyarder Ruben Vardanyanın da regiona gəlişi və son hadisələr prosesin qızışa biləcəyini göstərir”.
Turan Rzayev
Globalinfo.az














