Xankəndidə aktivləşmə: regionu silkələyəcək proses başladı – ŞOK GƏLİŞMƏ

Xankəndidə aktivləşmə: regionu silkələyəcək proses başladı – ŞOK GƏLİŞMƏ

Ukrayna konfliktinin dərinləşməsi, Qərb-Rusiya mübarizəsini Cənubi Qafqazda da pik həddə çatdırıb. Bölgədəki qüvvələr balansının ikinci Qarabağ müharibəsindən sonra pozulması, regionda yeni nizamı formalaşdırmağa məcbur edir. Bununla belə Cənubi Qafqazda dominant qüvvənin artıq olmaması, bu nizamın formalaşmasını gecikdirməklə bərabər bölgədə dondurulmuş ocaqların, eləcə də yeni konfliktlərin meydana çıxmaq ehtimalını artırır.

Qərbə görə, Qafqazda yaşanacaq istənilən gərginlik özünü müsbət formada Ukrayna cəbhəsində əks etdirəcək. Belə ki, Qafqazda da proseslərin aktivləşməsi, ən azından Moskvanın diqqətini Ukraynadan müəyyən qədər yayındıracaq ki, bu da indiki dönəmdə ABŞ və Avropa Birliyi üçün önəmli amildir. Digər tərəfdən isə Rusiyanın təsir zonası saydığı ərazi belə həmlənin edilməsi, həm də Qərbin artıq Ukrayna savaşını bütün MDB zonasına transformasiya etmək istəyini göstərir. Bu isə faktiki olaraq Rusiyanın özünün preferiyası boyunca olan 300 illik dominantlığının şübhə altına alınması, eləcə də Moskvanın güc statusunun məhv edilməyə başlanılması mənasına gəlir.

Rusiyada isə yaşananları çox yaxşı başa düşürlər və Ukrayna savaşının yaratmağa başladığı domino effektinin qarşısını almağa çalışırlar. Buna görə də Moskva Ermənistana Avropa Birliyi Mülki Missiyasının yerləşdirilməsinə aktiv şəkildə qarşı çıxır. Doğrudur, nə missiyanın nüfuzu, nə də ki həcmi Rusiyanın İrəvandakı mövcudluğunu bitirmək imkanında deyil. Lakin “forpost” sayılacaq ölkəyə Rusiyaya rəqib gücdən missiyanın gəlməsi belə Moskvanın artıq Ermənistandakı hakimiyyətinin şübhə altına alınması mənasına gəlir. Hər şey isə şübhədən başlayır. Yəni Kremldə də yaxşı dərk edirlər ki, onun ənənəvi təsir sferasında belə bir gücün formalaşdırılması, hələlik ilkin addımdır və qarşısı sərt şəkildə alınmayacağı təqdirdə bunun davamı müxtəlif formalarda mütləq şəkildə gələcək. Bu isə öz növbəsində Rusiyanın Ermənistandakı dayaqlarını yavaş-yavaş sıradan çıxartmaqla bərabər onun Qafqazdakı təsir imkanlarını da sıfırlayacaq. Maraqlı məsələ isə Ermənistandakı ictimai rəyin də missiyanın gəlişi tərəfdarı olmasıdır ki, bu da Moskvanın xeyrinə işləmir. Məhz bu amil də Kreml üçün Ermənistandakı situasiyanı çətinləşdirir.

Yaşananlardan isə maksimum şəkildə Paşinyan administrasiyası yararlanmağa çalışır. Ermənistan baş naziri Qafqazdakı toqquşmalar fonunda İrəvanın artıq kilid nöqtəyə çevrildiyini bilir. Üstəlik, Paşinyan yeni geosiyasi reallığı da yaxşı dərk edir ki, bu da onun Rusiyanın İrəvandakı dayaqlarını zəiflətmək prosesini sürətləndirməyə vadar edir. Məhz Paşinyanın atdığı addımların nəticəsidir ki, artıq Moskvanın İrəvanda effektiv rıçaqları hər keçən gün bir qədər də azalır. İctimai rəyi yaxşı manipulyasiya edə bilən erməni baş nazir həm də ikinci Qarabağ müharibəsinin yaratdığı travmadan istifadə edərək, onu Moskvaya qarşı yönəldə bilir. Bu isə Paşinyana Ermənistan daxilində öz proqramını gerçəkləşdirməklə, onun siyasi mühitini yenidən dizayn etməyə imkan yaradır. Nəticədə İrəvanın yeni istiqamətlərə nəzər yetirməyə, xüsusilə Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırması üçün şans yaranır. Bütün bu olanlar isə Moskvanın həm də missiya qorxusunun nəyə görə artmağa başladığını anlamağa kömək edir.

Türkiyənin Zəngəzur planları

Ümumilikdə həm missiyanın Ermənistana gəlişi, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələləri vahid prosesin tərkib hissəsidir. İrəvanın Ankara ilə münasibətlərini normallaşdırmağa cəhd etməsi, Türkiyədəki zəlzələdən sonra yaranmış fürsətdən istifadə etmək cəhdi adlandırmaq doğru olmazdı. Ermənistan bu prosesi ən azından ilin əvvəlindən başlayıb ki, buna da ən böyük sübut Paşinyanın yeni il gecəsi xalqa müraciəti ola bilər. Məhz bu müraciətdə Paşinyan Ovanes Tumanyan və Yegişe Çarenç kimi şəxslərə istinad edir ki, bu da iqtidarın xüsusilə ermənilər arasında Rusiyanın dominantlığı sayəsində formalaşmış düşüncə tərzinin sıradan çıxarmaq istəməsi mənasını ifadə edir. Ən azından Qərbdə xüsusilə ABŞ-də də bu tələb zaman-zaman (Boltonun 2018-ci il səfəri zamanı, Ermənistandan etdiyi ən böyük ənənəvi streotiplərdən xilas olması idi – İ.H.) Ermənistanın qarşısına qoyulur ki, görünür, Ermənistan hökuməti artıq bu prosesi sürətləndirməyə başlayıb. Bu fonda Türkiyədəki zəlzələ İrəvana sadəcə prosesə impuls verməyə kömək olub. Xüsusilə, zəlzələdən sonra Ermənistan iqtidar nümayəndələrinin kütləvi şəkildə Yegişe Çarençə istinad məsələsini yenidən aktivləşdirmələri də buna sübut sayıla bilər.

Bununla belə İrəvanda da yaxşı başa düşürlər ki, Qərblə inteqrasiya prosesinin Türkiyə ilə əlaqələrin bərpasından keçdiyini də yaxşı dərk edirlər. Lakin Ermənistan rəhbərliyi mövcud prosesi həm də başqa məqsədlər üçün istifadə etməyə çalışır. Paşinyan atdığı addımlar qarşısında Moskvanın səssiz qalmayacağını gözəl bilir. Ona görə də indidən məhz bu addımlardan özünü siğortalamaq üçün zəmin hazırlayır. Paşinyana görə, Ankara ilə indiki dönəmdə yaxınlaşmaq ona məhz bu imkanı verə bilər. Yəni, erməni baş nazir mövcud gedişləri ilə Rusiyaya qarşı balans yaratmağa çalışır ki, indiki dönəmdə də onu Kremlin qəzəbindən xilas edəcək yeganə gücün məhz Türkiyə olduğunu düşünür.

Xankəndidə aktivləşmə: regionu silkələyəcək proses başladı – ŞOK GƏLİŞMƏ

Məhz bu amil Ankaraya yollanan xarici işlər naziri Ararat Mirzoyanın Mövlud Çavuşoğlu ilə yalnız münasibətlərin normallaşdırılması üçün ilkin addımlar atılması məsələsini müzakirə etmədiyini, əksinə, daha dərin məsələlərlə bağlı danışıqlar apardığını iddia etməyə imkan yaradır. Bu məsələlərin nə olduğunu təxmin etmək isə indiki dönəmdə çox çətindir. Lakin Mirzoyanın Ankaradan qayıtdıqdan dərhal sonra hökumətin iclasında əminliklə konkret razılıqlar əldə olunduğunu söyləməsi, eləcə də Paşinyanın bu görüşə xeyli alqış yağdırması İrəvanın mövcud prosesi sürətləndirməkdə maraqlı olduğunu təxmin etməyə imkan yaradır.

Bununla belə diqqət çəkən məqam Mirzoyanın səfərindən bir neçə həftə öncə Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyanın Türkiyə ilə münasibətlərin bərpasının, eləcə də sərhədlərin açılmasının İrəvan üçün mühüm əhəmiyyət kəsb edəcəyini açıqlamasıdır. Təbii ki, Kerobyanın “sərhədlərin açılması” ifadəsini təkcə iki ölkə arasındakı quru sərhədlərlə assosiasiya etmək doğru olmazdı. Bu ifadə həmçinin özündə Zəngəzur dəhlizinin açılması məsələsini də ehtiva edir ki, Kerobyanın da açıqlamasından bu məsələnin artıq İrəvanda nəzərdən keçirildiyini deməyə əsas verir. Üstəlik, Türkiyə də Ermənistanla sərhədlərin açılmasına məhz bu kontekstdən yanaşır. Təsadüfi deyil ki, keçən ayın sonlarında açıqlama verən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da buna işarə edərək, İrəvanı Orta dəhlizdə görmək istədiklərini söyləmişdi. Yəni Ankara İrəvan qarşısında dolayısı yolla ya Zəngəzur dəhlizini açacaqsan, ya da ki onu biz açacağıq şərtini qoyur ki, bu da İrəvanda narahatlıq yaradır. Bütün bunlar Türkiyəyə səfər edən Mirzoyanın qovluğunda Zəngəzurla bağlı xüsusi təkliflərin olduğunu deməyə əsas verir. Ən azından Mirzoyanın görüşdən xoş təəssüratla qayıtması, İrəvanda artıq Zəngəzurla bağlı pozitiv dəyişikliklərin olduğunu təxmin etməyə imkan yaradır. Bu isə Zəngəzur dəhlizi məsələsinin tezliklə aktivləşəcəyi ilə bağlı ehtimalları artırır. Hər bir halda İrəvanın marta qədər zamanı qalıb. Bu tarixdə Mirzoyanın Türkiyəyə ikinci səfəri gözlənilir ki, məhz bundan sonra proseslərin hansı istiqamətdə irəliləyəcəyini təxmin etmək mümkün olacaq.

“Qarabağ kartı” bitdi – Yeni dönəm başlayır

Bütün bu olanlar isə öz növbəsində Moskvada narahatlığı artırır. Moskvanı indiki dönəmdə qorxudan əsas məqam proseslərin nəzarətindən çıxmasıdır ki, missiyanın gəlişi, İrəvanın Kremllə hesablaşmadan Ankara ilə münasibətlərini bərpa etməsi artıq bunun baş verdiyini göstərir. Bu isə öz növbəsində Bakı üçün sərfəli imkanlar yaratmaqla bərabər özünün qurduğu oyunu effektiv şəkildə icra etməyinə şərait formalaşdırır. Azərbaycan rəhbərliyi Ermənistanın Türkiyə ilə yaxınlaşmasına heç də ehtiyatla yanaşmır. Əksində Bakıda Ankara ilə İrəvanın yaxınlaşmasının Rusiyanın Qafqazda təsirini zəiflədəcəyini düşünürlər ki, bu da indiki dönəmdə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən isə Bakı Ermənistan AB mülki missiyasının gəlməsinə də tam etiraz etmir. Əksinə belə missiyanın mövcudluğu Azərbaycanın manevr imkanlarını artırır. Bundan isə Bakı həm Rusiya, həm Ermənistan, həm də Qərblə münasibətlərində aktiv şəkildə istifadə edir. Belə missiyanın gəlişinə müəyyən mənada etiraz sərgiləyən bunun sayəsində həm də Ermənistanda qeyri-stabilliyin saxlanılmasına, eləcə də Rusiya ilə münasibətlərdə olan gərginliyin bitməməsinə şərait yaradır ki, bu da artıq öz effektini verir. Yəni dolayı yolla Əliyev Rusiyanı ya Qərbi seçməyə başlayan İrəvan, ya da ənənəvi oyun qaydalarına hörmət edən Bakı arasında seçimə məcbur edir. Bununla da Əliyev Moskvanı öz masasına oturtmağa və artıq Qafqazda onun oyun qaydaları ilə oynamasına çalışır. Ən azından Rusiya prezidentinin rəsmi nümayəndəsi olan İqor Xovayevin İrəvanda peyda olması, eləcə də bunun ardınca Rusiya və Azərbaycan liderləri arasında telefon danışığı Əliyevin planının müəyyən mənada işə yaradığını göstərir.

Bununla belə Rusiyanın İrəvanın Türkiyə ilə yaxınlaşması fonunda aktivliyi həm də Ermənistan-Azərbaycan münasibətlərində proseslərin artıq həlledici mərhələ yaxınlaşdığı göstərir. ABŞ Dövlət katibi Entoni Blinkenin Bakıya zəngindən sonra proseslərin aktivləşməsi də bu iddianı irəli sürməyə imkan yaradır. Xüsusilə Mirzoyanın səfəri fonunda onun müavini Karen Donfridin də ard-arda iki dəfə Ceyhun Bayramovla danışması, eləcə AB nümayəndəsi Toivo Klaarın gözlənilmədən Tbilisidə peyda olaraq Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə danışması artıq münasibətlərin həllində Qərb variantına üstünlük verildiyini sübuta yetirir. Bütün bunları İrəvanın gözləniləndən daha tez öz təkliflərini Bakıya göndərməsi, eləcə də Paşinyanın sülh müqaviləsinə görə məsuliyyəti üzərinə götürməsi bəyanatı da mövcud iddiaları gücləndirir. Hər bir halda yuxarıda qeyd edilən proseslərin hamısı tərəflər arasında tezliklə yeni görüşün keçiriləcəyi ehtimallarını gücləndirməklə bərabər sülh müqaviləsinin də qısa zamanda imzalanacağına ümidləri artırır.

Görünür, Moskva da bunu bildiyi üçün aktivliyini maksimum həddə çatdırır. Ən azından Rusiya prosesdən kənarda qalsa da, onun üzərindəki təsirinin tam yox olmamasına cəhd edir. Bu isə Moskvanın tezliklə Bakı və İrəvan arasında münasibətləri normallaşdırmaq üçün sonuncu həmlələrini edəcəyini deməyə imkan yaradır. Qarabağdakı separatçı liderlərin baş verən proseslər fonunda Moskvaya çağırılması da əslində bunun sübutu sayıla bilər. Görünür, Moskva artıq Qafqazda tam dominantlıq yerinə öz təsirini qorumaq variantına daha çox yatırım edir. Bu isə Kremldə Qarabağı tərk edərək, buradakı proseslərin İrəvana tranformasiyası məsələsinin ehtimal kimi masada olduğunu göstərir. Görünən odur ki, Moskva belə qərarı verməyə tələsmir və daha əlverişli sövdələşmə əldə etmək üçün son cəhdlərini edir. Lavrovun fevralın sonunda Azərbaycana göndərilməsi də məhz bunun işartısı ola bilər. Bu isə Rusiyanın regiona baxışının artıq yeni əsaslar üzərində qurulacağının xəbərçisi sayılır.

İlkin Həsənov
Globalinfo.az