Xankəndi qaynayır: Araik və Vardanyan haqda təcili XƏBƏRLƏR gəlir – YENİLƏNİB

Xankəndi qaynayır: Araik və Vardanyan haqda təcili XƏBƏRLƏR gəlir - YENİLƏNİB

***14:25 

Xankəndidəki terrorçu rejimin separatçıları arasında parçalanma maksimum həddə çatıb.

Globalinfo.az xəbər verir ki, “təhlükəsizlik şurasının” “sədr”i Vitali Balasanyanın istefaya göndərilməsindən sonra Ruben Vardanyanın öz adamlarını sürətlə müxtəlif postlara yerləşdirməyə başlaması rəqiblərinin narahatlığını da artırıb. Belə ki, Vardanyana qarşı separatçıların “lider”i Araik Arutyunyanın müqavimətinin güclənməsi Qarabağda “prezident” və “parlament seçkiləri”nin keçirilməsini yenidən  gündəmə gətirib.

Maraqlı məqam isə bir neçə gün öncə istefaya gedən “xarici işlər naziri” David Babayanın çıxış etməsi olub. Konservativ Partiyanın lideri olan və hazırda İrəvanda məskunlaşan Babayan “seçki” olacağı təqdirdə mütləq şəkildə “namizəd”liyini irəli sürəcəyini bildirib.

Separatçıların “parlament spikeri” Artur Tovmasyan da dünən verdiyi müsahibəsində liderlərin arasında fikir ayrılığının olması faktını dolayı yolla təsdiqləyib. Bununla belə, Araik Arutyunyanın “partiya”sında yer alan “spiker” növbəti “seçki”də “prezident”liyə “namizəd”liyini verəcəyini bildirib.

Nəticədə son bir ildə Arutyunyanın nəzarətindən çıxmağa və proseslərdə aktivliyini artırmağa çalışan Tovmasyan separatçıların “lideri” ilə arasındakı fikir ayrılıqlarını da maksimum həddə çatdırmış olub.

Təkcə Tovmasyan yox, elə Arutyunyan da yaranmış situasiyadan istifadə etməyə başlayıb. “Prezident seçkisi”nin keçirilməsi ideyasının kulislərdə müzakirə edildiyi barədə informasiya məhz Arutyunyanın nəzarətindəki media orqanları vasitəsilə gündəmə gətirilib. Bununla isə separatçı lider öz “hakimiyyət”ini saxlamaqdan daha çox, özünə qarşı formalaşmış ittifaqın daxilində parçalanmanı sürətləndirməyə çalışır. Digər tərəfdən isə Arutyunyan “prezident seçkisi” ilə bağlı başladılan kampaniyada özəlliklə hədəf olaraq Ruben Vardanyanı seçib ki, burada da ona İrəvandan dəstəyin verildiyinə dair iddialar gündəmə gəlir. Xüsusilə də belə iddialar məhz müxalifətə yaxın olan media qurumları vasitəsilə yayılır.

Ən diqqət çəkən məqam isə “prezident seçkisi” iddialarından az son Ruben Vardanyanın istefaya hazırlaşması ilə bağlı xəbərlərin yayılması olub. Yayılan xəbərlərə əsasən, Vardanyanın “yeri”nə “daxili işlər naziri” Karen Sərkisyan gətirilməlidir ki, onun da “dövlət naziri” ilə xoş münasibətlərinin olması güman edilir. Bütün bunlar öz növbəsində “növbədənkənar seçki”nin keçiriləcəyi ehtimalını gücləndirib.

Vardanyan üçün sərf etməyən məqam “seçki”nin qısa müddət ərzində baş tutacağıdır. Bu isə separatçıların elitası arasında fikir ayrılığını daha da artırar,  lakin Vardanyan buna getmək istəmir.

Digər ssenari isə Bakının Xankəndidə “seçki”nin keçirilməsinə izn verməyib, hərəkətə keçəcəyi ehtimalıdır. Buna görə də Tovmasyanın iddialarından dərhal sonra açıqlama yayan Vardanyan özünün istefaya getməsi ilə bağlı məlumatları “əsassız” adlandırıb. O həmçinin Arutyunyan və “parlamentin” istefasının da yolverilməz olduğunu bildirib.

Publika.az “Hraparak”a istinadla xəbər verir ki, Qarabağdakı separatçı rejimin “rəhbərliyi” – Araik Arutyunyan və Ruben Vardanyan istefaya gedir. Eyni zamanda, qondarma “milli təhlükəsizlik xidmətinin direktoru” Armen Akopcanyan da “vəzifə”dən” uzaqlaşdırılır.

Məlumata görə, A.Arutyunyan qondarma rejimin keçmiş “rəhbəri” Bako Saakyanla “dövlət naziri”nin dəyişdirilməsi məsələsini müzakirə edib. Vardanyanın getməsindən sonra Bakının təzyiqinin azalacağı düşüncəsi var.

“Vardanyan Araik Arutyunyanın xahişi ilə gedir. Daha doğrusu, Nikol Paşinyan belə bir tələbin Azərbaycan rəhbərliyi tərəfindən irəli sürüldüyünü separatçılara deyib. Bakı açıq şəkildə bildirib ki, Vardanyan arzuolunmaz şəxsdir və Qarabağı tərk etməlidir. Qarabağda “siyasi qüvvələr” buna qarşı çıxır, onlar hesab edirlər ki, Bakının hansısa tələbi icra olunarsa, daha heç nə edə bilməyəcəklər. Lakin Vardanyandan sonra Araik Arutyunyanın özü də istefaya gedəcək, məqsəd gərginliyin azalması, Bakının istəklərinin yerinə yetirilməsidir. Eyni zamanda, “milli təhlükəsizlik xidmətinin direktoru” da “postun”dan göndərilir”, – nəşr yazır.

İstefa verəcəyi xəbərləri yayıldıqdan sonra Ruben Vardanyan Feysbuk profilində bunu təkzib edib və “hər kəsi birliyə” çağırıb. Əlavə edib ki, “Araik Arutyunyanın və parlamentin də istefası qəbul edilən deyil”.

Qeyd edək ki, separatçıların qondarma “parlamenti”nin, o cümlədən, Arutyunyanın da istefaya gedəcəyi haqda məlumatlar yayılıb. Bu məlumatlara istinadən irəli sürülən versiyalardan biri belədir ki, bununla rejim tamamilə ləğv olunacaq. Separatçı “parlamentin spikeri” Artur Tovmasyan “İravunk” qəzetinə açıqlamasında qondarma rejimdə növbədənkənar “parlament” və “prezident” “seçkiləri”nin olacağını istisna etməyib. Onun bu açıqlaması yayılan məlumatları da dolayısı ilə təsdiq edib.

R.Vardanyan israrla məlumatları təkzib etsə də, “MediaHub” teleqram kanalı onun bu gün istefa verəcəyi haqda məlumat yayıb.

“Hraparak” nəşri isə yazır ki, məsələ R.Vardanyandan “daha böyük yerdə” həll edilib və Bakının tələbləri qarşısında qondarma rejimin “rəhbərliyi” Qarabağı tərk edəcək.

“Vardanyanın “istefa verməyəcəm” açıqlaması əslində pası Araik Arutyunyana atmaqdır, o istəyir ki, məsələyə Arutyunyan aydınlıq gətirsin. Mənbələrimiz bildirir ki, Vardanyanın istefasının alternativi yoxdur. Arutyunyan da gedir, lakin o siyasi qüvvələri inandırmağa çalışır ki, istefa verdikdən sonra “parlament və prezident seçkiləri”ni təşkil edəcək, halbuki, mövcud “konstitusiya və qanunlar” ona belə bir imkanı verməyəcək. Siyasi qüvvələr hesab edirlər ki, istefalardan və “parlamentin” buraxılmasından sonra Azərbaycan öz istəyinə çatacaq və Qarabağı Bakıdan təyin olunan nümayəndə idarə edəcək”, – nəşr yazır.

Qeyd edək ki, qondarma rejimdə Vardanyanın gəlişindən sonra “referendum” və “yarıprezident” sisteminə keçid məsələsi aktuallaşıb. Vardanyan bununla “idarəçiliyə” nəzarətinə tam əlinə almaq istəsə də, nə Artuyunyan, nə də İrəvan buna yol vermək istəyir.

Aqşin
Globalinfo.az