Xaçmazda maşın dərəyə aşdı: ölən var

Xaçmaz rayonunun Niyazoba kəndində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əhmədov Qabil Əzizağa oğlu hadisə yerindəcə ölüb.

Avtomobildə olan digər sərnişinlər Xaçmaz rayon sakinləri – 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-cu il təvəllüdlü Əhmədova Rəhilə və 1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.