“Bu gün İranla Azərbaycan arasında çox ziddiyyətli və kəskin münasibətlər formalaşıb. Bunun əsas səbəbkarı da heç şübhəsiz İran tərəfidir”.
Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov mövcud İran-Azərbaycan gərginliyi və rəsmi Tehranın ölkəmizə qarşı başlatdığı pozuculuq siyasətini şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan cəmiyyətində böyük bir həmrəyliyin, birliyin şahidi oluruq:
İlyas Hüseynov
“Vətən müharibəsində cəmiyyətimiz necə sıx birləşmişdisə bu gün eyni mənzərənin şahidi oluruq. İranın həyata keçirdiyi destruktiv pozuculuq siyasəti Azərbaycanda çox dərin köklər salıb. Rəsmi Tehran din faktorundan istifadə edərək bu fəaliyyətini daha effektiv etməyə çalışır. Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat və istintaq tədbirlərinin nəticəsində saxlanılan şəxslərin ifadələri də bunu deməyə əsas verir.
Eyni zamanda vətəndaşlarımızı qorxutmaq və ya pul müqabilində casusluğa cəlb etmək faktları deməyə əsas verir ki, İranın Azərbaycana münasibəti nə dərəcədə təhlükəlidir”.
Politoloq bildirib ki, İran parlamentinin deputatlarının son bəyanatı Tehranın Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində olduğunu sübut edir:
“Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət yürüdür. Azərbaycanın xarici siyasət kursu və ya hansısa ölkədə səfirlik açması ölkəmizin strateji maraqları əsasında təyin edilir. Rəsmi Tehranın Azərbaycana bu və başqa bir mövzu ilə bağlı göstəriş verməsi qəbuledilməzdir”.
Turan Rzayev
Globalinfo.az














