“ABŞ-da Respublikaçılar 2008-ci ildən bu yana Demokratların monopoliyasında olan hakimiyyət kürsüsünü ələ keçirmək üçün dəridən-qabıqdan çıxırlar. Amma kadr yetişdirmək potensialı az olduğundan kənarda bəzi milyarderlərin sevimlisi və partiya daxilində MAGA ( Make America Great Again) firqəsinə başçılıq edən Trampı yenidən səhnəyə çıxarmaqdan başqa əlacları qalmır”.
Bu sözləri Globalinfo.az-a politoloq Qədir Aslan ABŞ-da keçiriləcək prezident seçkisi və rəsmi Bakının seçkilərə yanaşmasını şərh edərkən deyib.
“Onun sözlərinə görə, bu və ya digər fəndlərlə anketlərdə öndə görünən Trampın yaş məsələsi indi özünə qarşı çevrildi. Sorğu lövhələri, anketlər onu deməyə əsas verir ki, demokratların yeni hesab olunan namizədi, Kamalla Harris meydana atılandan bu yana durum sürətlə dəyişməyə başlayır.
Bizim dövlət olaraq ABŞ-a münasibətimiz operativ və taktiki səviyyədə deyil. Daha çox strateji səviyyədə sabitliyini qoruyub saxlayır. İkitərəfli münasibətlərimiz Ağ Evdə kimin oturmasına bağlı deyil. Enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik, narkotik, qaçaqmalçılıqla mübarizə aramızda son 30 ildə dəyişməyən mövzulardır. Administrasiyalar bu kimi uzun onilliklərə hesablanmış layihələri prosesin gedişində dəyişmir və əksinə davamlı olmasına zəmin yaradır”.
Politoloq deyib ki, aprel ayında Prezidentin “yaşıl vizyon” tədbirində söylədiyi kimi, biz yeganə ölkəyik həm İran, həm də Rusiya ilə həmsərhədik:
“Bu baxımdan Vaşinqtonun iki qatı rəqibi və düşməni ilə qonşuyuq. Bizim bu coğrafi mövqeyimiz adətən mənfi cəhətimiz kimi şərh edilir. Ancaq ABŞ-la münasibətlərimiz çərçivəsində Azərbaycan Vaşinqton üçün “strateji oazis” rolunu oynayır. Bu o demək deyil ki, biz öz ərazimizi hansısa hərbi əməliyyatlar üçün təklif edirik. Əsla! Dəfələrlə təzyiqlər olmasına baxmayaraq, biz nə quru ərazimizi, nə hava məkanımızı bu məsələlərlə bağlı açmışıq. Yalnız humanitar, sülh quruculuğu, post-konflikt dövrünün inşası üçün öz potensialımızı təqdim etmişik. Bu il aprelin 2-də ABŞ-ın İran üzrə nümayəndəsi Abram Peylinin Bakıya səfəri çox mətləblərdən xəbər verir. Bizim son iki ildə Baş Qərargah Rəisinin, Hava Qüvvələri Komandanının, Dəniz Qüvvələri Komandanının Vaşinqtona səfəri sıradan sayılmamalıdır və hətta mikroskop altında nəzərdən keçirilməlidir.
Vaşinqton Azərbaycana yönəlik münasibətini həm də ən yaxın müttəfiqi İsrailə nisbətdə nəzərdən keçirir. Ötən ilin yaz aylarında Azərbaycanda səfərdə olan İsrail Prezidenti cənab Hersoq bu regionda yeni təhlükəsizlik sisteminin inşa edildiyini bildirmişdi. Ardınca ötən ilin noyabr ayında bu ifadə Prezidentin köməkçisi cənab Hikmət Hacıyev tərəfindən səsləndirilmişdi. Regionda yeni təhlükəsizlik sisteminin yaranmasında görünən odur ki, İsrail yaxından iştirak edir. Demək ki, ABŞ-ın daxil ola bilmədiyi qapılardan İsrail geniş şəkildə istifadə edə bilir. İsrail və ABŞ-ın bu mənada gündəliyi üst -üstə düşür, uzlaşır.
Amerikanların yabancı olduğu mövzuları İsrail asanlıqla hakim ola, istiqamətləndirə bilir. Yeri gəlmişkən, yeni yaranacaq regional təhlükəsizlik sistemində siyasi arxitekturanın dəyişiləcəyini də istisna etmək olmaz.
ABŞ-Azərbaycan münasibətləri NATO alyansı çərçivəsində Ankaraya nisbətdə tənzimlənir. Təsadüfi deyil ki, bizim 44 günlük savaşımızda F-16 qırıcı təyyarələri artıq Azərbaycan aerodromlarında gözləyirdi. Bu, Vaşinqtonun rəsmi Bakıya inam və güvəninin göstəricisidir. Çünki F-16-ları vermək səlahiyyəti onların preroqativasıdır. Müqayisə üçün deyək ki, Ukrayna 2 ildir xahiş edir, amma hələ ki təyyarələr gəlib çıxmır”.
Ekspert deyib ki, ABŞ-ın başında durduğu NATO alyansı regionda Türkiyə vasitəsilə təmsilçi strategiya tətbiq edir:
“Cənubi Qafqazda sürünən ekpansiya həyata keçirilir. Ən başlıcası, Azərbaycanda ötən il ərzində Türkiyə ilə birgə təlimlər keçirildi. Bundan əlavə, Prezident Baydenə İstiqlaliyyət günü münasibətilə ünvanladığı builki məktubunda bir sıra regional gərgin məsələlərin birgə səylərimiz nəticəsində həll olunduğunu xüsusi vurğulamışdı. Eyni təlimlər ötən il ərzində Gürcüstan və Ermənistan ərazilərində də keçirilmişdi. Alyansın baş katibi regiona səfəri zamanı komando alaylarının yaranması ilə bağlı öz təqdiredici fikirlərini səsləndirmişdi.
Yuxarıda sadalanan bəndlərdən əlavə, Azərbaycanın həm özünün, həm regionun Rusiya ilə münasibətlərini yüksək məharətlə tənzimləməsi, rus qoşunlarının bu ilin aprelində ölkə ərazisini tərk etməsi, Azərbaycanın Kremlin təhriki ilə Zəngəzura qoşun yetirməməsi və keşiş Baqratın Moskvanın təhriki ilə başlatdığı prosesə dəstək verməməsi, əksinə Paşinyan hökumətinə etimadını vurğulaması Vaşinqtonda demokratiya adına müstəsna xidmətlər kimi yorumlanır və bizim üçün əlavə manevr imkanları yaradır. Bunun nəticəsində, onlar tərəfdən bizə bir sıra beynəlxalq məsələlərdə kart-blanş təqdim olunur”.
Turan Rzayev
Globalinfo.az














