Bir neçə gün öncə erməni milyarder Ruben Vardanyanın bütün imkanlara əl ataraq Xankəndidə təşkil etdiyi mitinq onun faktiki olaraq Qarabağa nifaq toxumu səpməyə gəldiyini göstərir. Bununla belə onun barəsində irəli sürülən iddialardan biri də separatçı lider Araik Arutunyanla açıq konfliktə girməyə hazırlaşmasıdır.
Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur: Rusiya Ruben Vardanyanı separatçılar arasında konflikt yaratmaq üçün Qarabağa göndərib?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Fikrət Sadıqov deyib ki, Ruben Vardanyanın siyasi proseslərə daxil olması çox ani oldu və bu onu deməyə əsas verir ki, o xaric qüvvə tərəfindən məqsədyönlü şəkildə Qarabağa göndərilib:
“Aydın məsələdir ki, Vardanyanın Qarabağa gəlişində məqsəd var. Hesab edirəm, o hər şeydən öncə Ermənistan hakimiyyəti üçün hazırlanan alternativ bir qüvvədir. Məsələ ondadır ki, Ermənistan Baş naziri Nikol Paşinyan açıq şəkildə Rusiya əleyhinə siyasət yeridir. Rəsmi Moskva isə bununla barışa bilməz. Buna görə də Vardanyan tədricən Ermənistan hakimiyyəti üçün hazırlanır.
O ki qaldı onun separatçı lider Arayik Arutyunyanla gərginlik yaşamasına, əlbəttə ki, bu da mümkündür. Nəzərə almaq lazımdır ki, Vardanyan hazırda Qarabağdadır və Kreml onun üzərindən həm də Arayikə təzyiq edir. Beləcə, Rusiya separatçılar üzərində nəzarəti itirmək istəmir”.
Politoloqun sözlərinə görə, Ruben Vardanyan Azərbaycan üçün ciddi təhlükə deyil:
“Hesab edirəm, Azərbaycan Vardanyana qarşı bütün cavab tədbirlərini atıb. Misal üçün, bir müddətdir Şuşa-Laçın yolunda davam edən ekofəalların aksiyası Vardanyanın nüfuzuna ciddi zərbə vurdu. Çətin ki, bundan sonra Vardanyan siyasi kariyerasında istədiyi uğuru qazansın”.
Turan Rzayev
Globalinfo.az














