“Vaqner” müəmması: Putinin gerçək planı belədir


“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Rusiyada iyun qiyamından sonra ilk dəfə videomüraciət edib. Priqojin harada olduğunu açıqlamasa da, kadrlardan onun Afrikadan çağırış etdiyi ehtimal olunur. O, müraciətində Afrika xalqlarına azadlıq və firavanlıq diləyib, terror qruplarına qarşı amansız mübarizənin davam edəcəyini bildirib. Hazırda “Vaqner”in Belarusda cəmləşdiyini nəzərə alsaq, Priqojinin Afrikadan mesaj yayması diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, “Vaqner” Yevgeni Priqojinin xeyir-duası ilə Belarusa yerləşib:

“Bu yaxınlarda muzdluların Belarusu tərk etdiyinə dair informasiyalar yayıldı. “Vaqner”in Belarusdan çıxması iddiaları Rusiya-Belarus-“Vaqner” oxundakı sövdələşmə aspektlərinin tam şəkildə yerinə yetirilmədiyinə dəlalət edir.

İndiki məqamda “Vaqner” qrupunun Belarusu tərk etməsinə inanmıram. Ancaq istənilən halda “Vaqner”in gələcəyi sual altındadır, onun hara yerləşəcəyi, hansı missiyalar yerinə yetirəcəyi, bunlar olmasa isə ləğvi müzakirə edilən ssenarilər sırasındadır.

Aqşin Kərimov

Bircə bu aydın şəkildə görünür ki, Rusiya Prezidenti Vladimir Putin “Vaqner”i format etmək səylərini davam etdirir, lakin muzdluların lideri Priqojin də Kremlin cızdığı ssenari üzrə boşluqlara düşüb çabalamaq istəmir.

Hesab edirəm, “Vaqner” Belarusda mövcudluğunu davam etdirərək Moskva-Minsk ittifaqının Polşaya qarşı şantaj elementi kimi qalacaq”.

Turan Rzayev
Globalinfo.az