“Utanıram, istəmirəm məni dilənçi bilsinlər” – Corab satan məşhur aktyor

"Utanıram, istəmirəm məni dilənçi bilsinlər" - Corab satan məşhur aktyor

Aktyor Allahverdi Yolçuyevin “Astar” layihəsində mərkəzi küçələrdə insanlara və mağazalara corab satdığını etiraf etməsi maraq doğurub. Bəziləri bunun şou xətrinə deyildiyini iddia edib. Lakin aktyorun pərəstişkarları məsələnin ciddiyyətinə inanıb və bu hal Yolçuyevin sevənlərini kədərləndirib. Aktyor müalicə xərclərini qarşılamaq üçün corab satdığını bildirib.

Sitat: “Mən xəstələnəndən fikirləşirdim ki, alternativ bir iş tapım. Birtəhər öz dərmanlarımı alım. Neçə ildir xəstəyəm. Səhhətim həkimlərin sayəsində pis deyil. Artıq bir il olar ki, beyin pili əməliyyatı keçirmişəm. Fikirləşdim ki, ən yaxşısı corabdır. Uşaqlıqda göyərti, günəbaxan toxumu, əncir satmışam. Utanmalı bir iş deyil”.

Globalinfo.az məsələyə aydınlıq gətirmək üçün Allahverdi Yolçuyevlə əlaqə saxlayıb.

O, hazırda küçədə corab satdığını təsdiqləyib:

“Bu, mənim üçün ayıb bir iş deyil, çünki halal pulumu qazanıram. Yaşa görə 336 manat təqaüd alıram. Aylıq dərmanım isə 500 manatdan çox pul tutur. Nə etməliyəm? Vallah, həyat yoldaşımdan da pul almağa utanıram. Ona görə də məcbur corab satıram. Şükür Allaha, gözəl ailəm, övladım, nəvəm, evim var, amma dolanmaq çətindir. Kimsə yardım edəndə utanıram ki, 50 ilin aktyoruyam, lakin gəlirim yoxdur”.

A.Yolçuyev mədəniyyət naziri Adil Kərimlinin maliyyə dəstəyi ilə bağlı təklifinə müsbət cavab vermədiyini qeyd edib:

Nazir iki dəfə mənə zəng etdi. Dedim ki, fəxri ad yox, maliyyə dəstəyi istəyirəm ki, dərmanlarımı ala bilim. Hər şeyin yaxşı olacağını bildirdi, rəsmi məktub da ünvanladım. Ondan sonra mənə cavab olaraq dedilər ki, yardımla bağlı fikirləşirik. Xalqdan yardım istəməyə utanıram. İstəmirəm bəziləri məni dilənçi bilsin”.

"Utanıram, istəmirəm məni dilənçi bilsinlər" - Corab satan məşhur aktyor

Qeyd: Aktyora maddi yardımı bu kart vasitəsilə etmək mümkündür.

Zaira Akifqızı
Globalinfo.az