Uorlik: “Konstitusiyaya dəyişiklik tələbi ilkin şərt olmamalıdır”

“Gələcəkdə nə vaxtsa Ermənistan konstitusiyasına düzəlişlər edilməlidir. Amma bu, sülh müqaviləsi barədə çərçivə sazişinin imzalanması üçün ilkin şərt olmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ATƏT Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik deyib.

“Hər kəs başa düşür ki, Ermənistanla bağlı situasiya sadə deyil. Məncə, əgər çərçivə sazişinin imzalanması konstitusiyaya dəyişiklikdən asılı olsa, bu, razılığın əldə edilməsinə mane olacaq. Bununla belə çərçivə sazişinə “Ermənistan konstitusiyasının gələcəkdə dəyişdirilməsi niyyəti” bəndi daxil edilə bilər” – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan konstitusiyasının preambulasında Azərbaycan və Türkiyəyə ərazi iddiaları var. Rəsmi Bakı bunun dəyişdirilməsini tələb edir, Ermənistan isə bunun dəyişdirilməsinin danışıqların bir parçası ola bilməyəcəyini deyir. Bununla belə, Ermənistanda konstitusiyanın dəyişdirilməsi ilə bağlı işlər aparılır, amma dəyişikliklərin preambulanı da əhatə edəcəyi açıqlanmır.

Əliyar Xəlil
Globalinfo.az