Ukraynanın “qənimi” müharibənin taleyini dəyişir: “Priqojin tək deyil”

Ukraynanın "qənimi" müharibənin taleyini dəyişir: "Priqojin tək deyil"

“Vaqner” birləşməsinin Rusiya daxilində iri şəhərlərə hücumu və Moskvaya doğru hərəkət etməsinə paralel olaraq Ukrayna ordusunun da cəbhədə aktivləşdiyi bildirilir.

Müharibənin ilk günlərindən əsas hücum dəstəsi olan vaqnerçilərin öncə Baxmutu tərk etməsi, sonra isə Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı çıxması döyüş meydanında ab-havanın dəyişməsinə səbəb olub. Xüsusilə iyunun 23-dən 24-ə keçən keçən gecə Priqojinin muzdlularla birlikdə Moskvaya hücuma keçdiyi zamanda Ukrayna ordusunun Baxmut ətrafında əks-hücuma başlaması ilə bağlı məlumatlar yayıldı.

Bəs “Vaqner”in müharibə meydanından çəkilməsi, birbaşa Kreml hakimiyyətinə meydan oxuyaraq rəsmiləri hədəf alması Rusiya-Ukrayna müharibəsinin taleyinə necə təsir edəcək?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elşən Məcidov bildirib ki, bu, Rusiya ordusu arasında ciddi itkilərlə nəticələnə bilər:

“Rusiyada baş verənlər nəticəsində Vladimir Putinin hakimiyyəti və rus ordusunun Ukrayna cəbhəsindəki mövqeyi zəifləyəcək. Çünki Ukraynada elə ərazilər var ki, onların nəzarətə alınması çox sayda insan itkisinə başa gələcəkdi. Burada Yevgeni Priqojin, ümumilikdə “Vaqner” əsas ağırlığı öz üzərinə götürmüşdü. Priqojin həbsxanalardan insanları toplayırdı, Belə demək olarsa, cəmiyyətin “tör-töküntülərini” ölümə göndərirdi. Amma “Vaqner” hakimiyyətə qarşı çıxdığı üçün bu itkilər rus ordusu arasından olacaq. İndi onların planlamasını da Rusiya Müdafiə Nazirliyi, ordu həyata keçirməlidir.

Hazırkı vəziyyətdə daxildə sakitliyin qorunub saxlanılması vacibdir. Hər nə qədər üzdə olmasa da Priqojinin tərəfdarları var. Rusiyada müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu sevməyənlərin sayı kifayət qədərdir”.

“Hələ ki, vəziyyətin necə olacağı, baş verənlərin nə ilə nəticələnəcəyi tam bilinmir. Priqojin yaxın bir-iki saat ərzində öldürülsə də, bu, daxildə vəziyyətin dərhal düzələcəyi demək deyil. Belə güman etmək olar ki, daxildəki vəziyyəti nəzarətə almaq üçün Moskva resurlarını Ukrayna cəbhəsi üçün deyil, bu istiqamətdə səfərbər etməli olacaq”-deyə, o bildirib.

Ayşən Mustafa
Globalinfo.az