Ukrayna müharibəsi bu səbəbdən bitə bilər – Ən real variant

Rusiya-Ukrayna müharibəsinin ildönümü yaxınlaşdıqca siyasi arenada tərəflərdən hansının qalib gələcəyi mövzusunda müzakirələr artır. Döyüşlər aylardır davam etsə də, iki ölkənin mütləq üstünlüyə nail ola bilmədiyi vurğulanır.

Beynəlxalq arenada tanınan analitiklər, generallar və politoloqlar müharibənin nəticəsini müxtəlif formada şərh edirlər.

Globalinfo.az xəbər verir ki, italyan analitik Lusio Karaççiolo müharibənin uzun müddət davam edəcəyini, yalnız tərəflərdən birinin tam məğlubiyyəti, ya da resurslarının tükənməsi ilə yekunlaşacağını bildirib.

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müharibə məsələləri üzrə eksperti Benjamin Jensen də müharibənin resursların tükənməsi səbəbindən başa çatacağını söyləyib:

“Bundan başqa, Ukrayna Kreml rəsmisinə sui-qəsd təşkil edə, yaxud Rusiya son variant kimi nüvə silahına əl ata bilər. Rus ordusunun geri çəkilməsi, Ukraynanın ehtimal qələbəsi də müharibəni yekunlaşdırmayacaq, çünki nüvə silahından istifadə riski var”.

Obama administrasiyasında Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə keçmiş direktoru, Xarici Əlaqələr Şurasının baş elmi işçisi Çarlz Kupçan Krımın Ukraynaya geri qaytarılması ehtimalını dəyərləndirib. O bildirib ki, Krım Rusiya üçün strateji əhəmiyyətə malikdir:

“Ruslar məğlub olsalar belə, bu ərazidən geri çəkilməyəcəklər”.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli müharibəyə danışıqlar masasında nöqtə qoyulacağını ehtimal edir:

“Rusiya ordusunun Ukrayna ərazilərindən tamamilə çıxarılması çox çətin məsələdir, amma mümkünsüz deyil. Çox güman ki, bu müharibəyə nə zamansa danışıqlar masasında, tərəflərin razılaşması əsasında yekun vurulacaq. Amma rəsmilər və ekspertlər proseslərin daha qanlı hal almasını gözləyirlər. Çünki Rusiya cəbhə xəttinə canlı qüvvə və texnika göndərməyə davam edir, Ukrayna isə hücumları dəf etməyə çalışır”.

Ümumilikdə ekspertlər müharibənin yaxın müddətdə başa çatacağını proqnozlaşdırmırlar.

Ayşən Mustafa
Globalinfo.az