Rusiya daha böyük təhlükəyə doğru irəliləyir – Politoloq

“Rusiya Qərb sanksiyalarının təsirini azaltmaq üçün Asiya ölkələri ilə əlaqələrini genişləndirməyə və yeni bazarlar axtarmağa çalışır. Əsas bazar Çindir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, pandemiyadan sonra Çin-Rusiya sərhədində daşınmaların həcmi artıb:

“Rusiyanın Baş naziri Mixail Mişustinin sözlərinə görə, iki ölkə arasındakı ticarətin təxminən yarısı milli valyutalarla həyata keçirilir. Hər iki ölkə dollardan imtina etməyə çalışır.

Rusiya Səudiyyə Ərəbistanından sonra Çinə ikinci neft ixracatçısına çevrilib. Moskva və Pekin siyasətdə olduğu kimi iqtisadiyyatda da çoxqütblü dünyanın formalaşdırılmasına çalışırlar. 2022-ci ilin 10 ayında iki ölkə arasında ticarətin həcmi 150 milyard dollara yaxınlaşıb. Bu, ötənilki göstəricidən çoxdur. Hədəf ticarət mübadiləsinin həcmini 200 milyard dollara çatdırmaqdır. Rusiya və Çinin maliyyə institutları dollardan maksimum qədər imtina etməyə çalışırlar”.

Politoloqun sözlərinə görə, Rusiya Çinlə ortaq enerji layihələrinin reallaşmasına da çalışır:

“Mixail Mişustin Çinə yalnız neft və qazın ixracı ilə kifayətlənmək istəmir, iki ölkə arasında böyük enerji layihələri üzrə çalışmaların başlanılması hədəfdədir. Rusiya Çinə neft, qaz və kömürlə yanaşı, elektrik nəqlini də artırıb. Bu sahədə 23 faiz artım var.

Rusiya Çinlə yükdaşımalarının, o cümlədən yeni lojistik mərkəzlərin tikintisinin artırılmasını da istəyir. Amur çayı üzərində yeni körpülər, dəmir və avtomobil yolları tikilir. İki ölkə arasında 80 yeni ortaq layihə üzərində iş gedir. Planlanan yatırımların həcmi 160 milyard dollardır”.

E.Şahinoğlu deyib ki, Rusiya Çinlə əməkdaşlığı genişləndirməyə çalışmaqla Qərbin təzyiqlərindən qurtulmağa çalışır:

“Ancaq Çindən asılılıq Rusiya üçün daha böyük təhlükə yaradacaq. Çin Rusiyaya yatırımlarını artırmaqla, Sibirdə yeni zavod və fabriklər yaratmaqla Moskvanı təsirinə salacaq və Kreml istər-istəməz Pekinin siyasi istəklərini də nəzərə almalı olacaq”.

Turan Rzayev
Globalinfo.az