Baxmutda əks-hücum əməliyyatı başladı – Savaşın taleyi həll edilir

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları bəzi mövqeləri tərk edib. O deyib ki, Baxmutda Rusiyanın çoxsaylı hücumlarının qarşısı alınıb. A.Sırskinin sözlərinə görə, sözügedən istiqamətdə qarşı tərəfin 10 hərbçisi əsir götürülüb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, təxminən 9 aydır Baxmutda gərgin döyüşlər gedir:

“Bu şəhər hər iki tərəf üçün nəinki strateji, həm də psixoloji əhəmiyyətlidir. Rusiyanın uzun müddət Baxmut uğrunda mübarizə aparması təsadüfi deyil. Çünki Baxmuta tam nəzarət təmin olunarsa, Rusiya Donetsk vilayətində üstünlüyü ələ alacaq. Bu isə Rusiya Silahlı Qüvvələrinin xüsusilə cənub istiqamətində irəliləyişinə şərait yaradacaq.

Bundan başqa, Rusiya Baxmutu ələ keçirərsə, Ukrayna xalqında və ordusunda ruh düşkünlüyü yaranacaq. Ukrayna ordusu bunu bilir, ona görə də mübarizə aparır. Əgər, həqiqətən, general Sırskinin dediyi kimidirsə, yəni Rusiya müəyyən mövqelərdən geri çəkilibsə, onda, görünür, Ukrayna Silahlı Qüvvələri uzun müddətdir anonsunu verdiyi əks-hücum əməliyyatlarına artıq başlayıb. Əks-hücum əməliyyatlarının Baxmutdan başlanması gözlənilən idi. Əslində, bu, hərbi zərurətdir. Çünki Rusiya qoşunları Baxmutda tədricən möhkəmlənirdi. Əks-hücum əməliyyatları gecikəcəyi halda, Ukrayna gələcəkdə daha böyük çətinliklərlə üzləşə bilər.

Əlbəttə, əsir götürülən hərbçilər də kəşfiyyat məlumatlarının öyrənilməsi baxımdan Ukrayna üçün kifayət qədər əhəmiyyətlidir. Düşünmək olar ki, yaxın günlərdə Baxmutdakı əks-hücum əməliyyatlarının davamı gələcək və rus qoşunları şəhərdən tədricən sıxışdırılacaq”.

Turan Rzayev
Globalinfo.az