Ukraynaya şad xəbər – Müharibədə dönüş yaşanır?

Almaniya Ukraynaya 10 ədəd “Marder” zirehli döyüş texnikası və “Leopard-2” tankları üçün döyüş sursatı göndərib. Yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatı daxildir.

Qeyd edək ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə isə bu yardım 2 milyard avro təşkil edib.

Maraqlıdır, Ukraynaya bu cür yardımlar davamlı olacaqmı? Əgər yardımların sayı yenidən artsa, müharibədə dönüş nöqtəsi yarana bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım etsə də, bu gün Avropada ciddi fikir ayrılıqları var:

“ABŞ Ukraynaya 60 milyard dollar yardım ayırmaq üçün vahid qərar qəbul edə bilmir. Lakin bununla belə Vaşinqton seçki öncəsi yardımlardan manipulyasiya etmək üçün istifadə etmək istəyir.

Tural İsmayılov

Almaniyaya gəldikdə, əslində, rəsmi Berlin vəd etdiyi 5,4 milyard avrodan az yardım edib. Lakin müxalif dairələrin kansler Olaf Şoltsa kəskin etirazı bu yardımların vəd olunduğu kimi edilə bilməməsi ilə nəticələndi.

İstənilən halda yardımın miqdarı artır, lakin Rusiyaya qarşı kollektiv müqavimət yoxdur. Ukrayna meydanda təkdir və təkbaşına qələbə qazanması real deyil”.

Turan Rzayev
Globalinfo.az