Putinin şifrəli sözlərinin açıqlaması: Avropanın xəritəsi dəyişəcək

“Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində Ukraynadakı müharibədən danışarkən bildirib ki, hazırkı döyüşlərin məqsədi yeni müharibə başlatmaq deyil, əksinə, 2014-cü ildən bəri davam edən savaşa son qoymaqdır. Rusiya dövlət başçısı, həmçinin söyləyib ki, Ukraynanın əks-hücum əməliyyatlarının heç bir nəticəsi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

K.Novruzov qeyd edib ki, savaşın yaxın vaxtda başa çatacağı ağlabatan görünmür:

“Bu isə dünya və region üçün daha böyük təhlükələr, o cümlədən nüvə silahının tətbiqini və Üçüncü Dünya müharibəsinin başlanmasını gündəmə gətirir.

V.Putinin fikirlərində diqqətçəkən əsas məqamlardan biri onun döyüşlərin məqsədi ilə bağlı dedikləridir. Rusiya liderinin sözlərindən belə başa düşülür ki, savaşı məhz Moskva başladıb. Hərçənd Kreml müharibəyə görə indiyədək Qərbi günahlandırırdı”.

K.Novruzov deyib ki, Rusiya prezidenti özünə bəraət qazandırmağa çalışıb:

“Hərçənd bu, o qədər də uğurlu alınmayıb. Rusiya ilə Ukrayna arasında gərginliyin əsas səbəbi 2014-cü ildə Krım yarımadasının, həmçinin Donetsk və Luqanskın işğalı idi. Yəni əslində o zaman müharibəni başladan Rusiya özü olub. İndi Moskva başlatdığı müharibəyə son qoymaq istəyir?..

Putinin Ukraynanın əks-hücum əməliyyatları barədə dediklərinə gəldikdə isə söyləməliyik ki, Ukrayna ordusu effektsiz olmaya bilməz. Hər halda Ukrayna bu müddət ərzində xeyli əraziləri işğaldan azad edib. Üstəgəl, müharibə artıq Rusiya ərazisinə keçib. Rusiya daxilindəki gərginlik də məhz əks-hücum əməliyyatlarının nəticəsidir”.

Siyasi şərhçinin sözlərinə görə, müharibə hələ uzun müddət, bəlkə də, bütövlükdə Avropanın xəritəsi dəyişənədək davam edəcək.

Zaira Akifqızı
Globalinfo.az