“Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ yeni deyil. İkinci Qarabağ müharibəsindən sonra imzalanan 10 Noyabr bəyanatı ilə bu mövzu gündəmə gəldi və İrəvan onu icra etməyə məcburdur”.
Bu sözləri Globalinfo.az-a politoloq Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, artıq bəyanatın imzalanmasından 4 il keçib və bu illər ərzində çox fərqli proseslər baş verib:
“Ermənistan tərəfi əvvəllər Zəngəzur dəhlizi ilə bağlı daha loyal olsa da, sonrakı illərdə Qərbin də təhriki ilə mövqeyində dəyişikliyə getdi. Yəni İrəvan açıq-aşkar dəhlizi açmaqdan yayınmağa çalışırdı. Artıq bu proseslərin arxada qaldığını görürük. Son günlər Zəngəzur dəhlizinin açılması ilə bağlı təmaslar müşahidə edilir.
İrəvan başa düşməlidir ki, bu dəhlizin açılması özünə də fayda verəcək. Belə ki, Ermənistan Azərbaycandan daha Qərbdə yerləşsə də, Avropa ilə əlaqəsi məhduddur. Türkiyə ilə sərhədlərin (1993-cü ildən – red.) bağlı olması bu məsələdə İrəvanı çətin vəziyyətə salır. Lakin dəhlizin açılması fonunda maneə aradan qalxa bilər”.

Xəyal Bəşirov
Politoloq qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin fəaliyyətinə şərait yaratmaqla dünyaya açıla bilər:
“Söhbət təkcə Avropa ilə əlaqələrdən deyil, həm də Çin, Asiya ilə əlaqələrini genişləndirməkdən gedir. Lakin bu, İrəvanın seçimidir. Yəni dəhlizi açmamaq istiqamətində destruktiv mövqe seçərsə, bu zaman Bakı nə isə itirməyəcək, çünki alternativləri var.
Hesab edirəm, bütün hallarda bu gün gedən proses müsbətdir. Rusiya, Ermənistan, Azərbaycan dəhlizin açılmasında razılığa gələrsə, bu, regional və geosiyasi müstəvidə ciddi dəyişikliyə səbəb olacaq. Ən önəmlisi isə həm Ermənistan, həm də Azərbaycan bu məsələdən qazanclı çıxacaq”.
Turan Rzayev
Globalinfo.az














