Ötən gün Türk Aerokosmik Sənayesinin (TUŞAS) Ankaradakı baş qərargahına edilən hücumun arxasında Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının olduğu açıqlanıb. Türkiyə Silahlı Qüvvələri bundan sonra təşkilatın Suriya və İraqdakı mərkəzlərinə ağır zərbələr endirib, Milli Kəşfiyyat Xidmətinin (MİT) öncədən müəyyən etdiyi strateji nöqtələr vurulub.
Diqqətçəkən məqam isə Suriya Milli Ordusunun da PKK-ya qarşı əməliyyatlara qoşulmasıdır. Bəzi ekspertlərin fikrincə, son günlər baş verən ardıcıl hadisələr tədricən Türkiyə və Suriyanı bir-birinə yaxınlaşdırır. Xüsusilə İsrailin regionda yaratdığı təhdid, habelə PKK-nın hər iki ölkə üçün problem halına çevrilməsi Ankara-Dəməşq münasibətlərini normallaşdıra bilər.
Globalinfo.az-a danışan türkiyəli siyasi analitik, professor Hüsaməddin İnac deyib ki, baş verən terakt Türkiyəyə mesaj idi:
“Teraktın diqqətçəkən ilk tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kazanda BRİKS sammitində olduğu bir zamanda yaşanmasıdır. Çünki bu təşkilat NATO əleyhinə birlik kimi dəyərləndirilir. Yəni BRİKS ABŞ imperializminə qarşı yaradılıb. Sammitin xüsusi qonağı isə şübhəsiz Rəcəb Tayyib Ərdoğan idi.
Digər bir məqam isə bu hücumun məhz hazırda İstanbulda baş tutan silah forumu zamanı həyata keçirilməsidir. Bu forumda TUŞAS kimi mühüm qurumun istehsal etdiyi milli silahların sərgilənməsi nəzərdə tutulub. Yəni törədilən terakt həm də bu foruma etiraz idi. Fikrimcə, Qərb Türkiyənin NATO xarici bir təşkilata yaxınlıq duymasına bərk qəzəblənib, o səbəbdən belə mesajlarla reaksiyasını bildirir”.

Hüsaməddin İnac
Analitikin sözlərinə görə, PKK, PYD, YPG kimi terror birlikləri Suriya üçün də təhdiddir:
“Amma Suriya Prezidenti Bəşər Əsəd PKK-nı məhv etmək yerinə fərqli siyasət yürüdür. O, kürd silahlılarını himayə edir, onlardan öz maraqları naminə faydalanmaq istəyir. Belə olan halda iki ölkə arasında hansısa bir yaxınlaşmadan söhbət gedə bilməz.
Suriya Türkiyə ilə əməkdaşlıq etmək yerinə Səudiyyə Ərəbistanı, BƏƏ və digər ölkələr ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır. Əsəd tərəfindən Ankaraya münasibətlərin normallaşmasına dair bir təklif yoxdur”.
Qeyd edək ki, TUŞAS-a hücum nəticəsində 5 nəfər öldüyü, 22 nəfərin isə yaralandığı açıqlanıb. Xəsarət alanların bəzilərinin xüsusi xidmət orqanlarının nümayəndələri olduğu bildirilir.
Turan Rzayev
Globalinfo.az














