Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb ki, Ankara Təl-Əvivlə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb. Mövcud qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə qalacaq.
Maraqlıdır, ixrac-idxal əməliyyatının dayandırılması nə ilə nəticələnəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, bu amil Türkiyə iqtisadiyyatına ciddi ziyan vuracaq:
“Keçən il İsrailin ticarət dövriyyəsi 7 milyard dollar olub. Türkiyə onun 5.4 milyard dollarını ixrac, 1.6 milyard dollarını isə idxal edib. Ankara öz növbəsində sənaye məhsulları, avtomobil, nəqliyyat vasitələri, plastik və metal məmulatlarını İsrailə ixrac edib. İsraildən isə daha çox yanacaq alıb. Bu səbəbdən həmin addım Türkiyə iqtisadiyyatına böyük zərər vuracaq”.
İqtisadçının fikrincə, qərar siyasi məna daşıyır:
“Bir sözlə, ixrac və idxalın dayandırılması hər iki ölkə üçün mənfi nəticələnəcək. Güman ki, bir neçə aydan sonra qadağa aradan qaldırılacaq”.
Safura Bənnayeva
Globalinfo.az














