Türkiyəli siyasətçi, sabiq millət vəkili Sinan Oğanın əslən Qərbi Azərbaycandan olduğunu deməsi ictimaiyyətdə maraqla qarşılanıb. Bəzi ekspertlərin fikrincə, S.Oğan və Türkiyədə yaşayan, fəaliyyət göstərən digər Azərbaycan kökənli siyasətçilər Qərbi Azərbaycan İcmasına qatıla və aktiv rol oynaya bilərlər.
Mövzunu Globalinfo.az-a şərh edən VI Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, bu gün Türkiyədə yüzminlərlə Azərbaycanəsilli insanlar yaşayır.
H.Babaoğlu onların öz adət-ənənələrinə, etnik kimliklərinə sahib çıxdıqlarını qeyd edib:
“Nəzərə almaq lazımdır ki, SSRİ ilə Türkiyə arasında sərhədlər qoyulan zaman sərhədyanı rayonlarda yaşayan əhalinin böyük hissəsi kolxoz təsərrüfatının qurulmasına etiraz əlamətləri olaraq qardaş ölkəyə köçib. Eyni zamanda ermənilərin təzyiqinə dözməyərək, onların etnik təmizləmə siyasətinə görə məcbur olaraq ata-baba yurdlarını tərk ediblər. Hazırda onların nümayəndələri Türkiyədə yaşamaqda davam edirlər. Bu səbəbdən də Qərbi Azərbaycan İcması yarandıqdan sonra hazırda həmin azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtması məsələsi aktualdır. Bu məsələ ilə Azərbaycan Respublikasının Disporla İş üzrə Dövlət Komitəsi, Qərbi Azərbaycan İcması və qardaş ölkədə mövcud olan Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası da məşğul olur”.
H.Babaoğlu bir neçə gün öncə Qars şəhərində Qərbi Azərbaycana qayıdış mövzusunda möhtəşəm tədbirin keçirildiyini bildirib:
“Tədbirdə əslən Qərbi Azərbaycandan olan, hazırda Qarsda və Türkiyənin hər bir tərəfində yaşayan azərbaycanlıların da müraciəti qəbul edildi. Çünki onlar da öz tarixi torpaqlarına qayıtmaq istəyirlər. Konfransdan sonra hər bir iştirakçı yaxınlaşaraq, Qərbi Azərbaycanın hansı mahalından, bölgəsindən, kəndindən olduğunu qeyd etdilər. Beləliklə, vətənlərinə dönməklə bağlı istək və arzularını bildirdilər. Ona görə də biz deyəndə ki, Qərbi Azərbaycana qayıdış milli çağırışdır, ümummilli vəzifədir, tamamilə haqlıyıq. Nəticə etibarilə Qərbi azərbaycanlılar ermənilərin etnik təmizləmə siyasətinə məruz qalıblar. Bununla da Türkiyə, İran daxil olmaqla dünyanın hər yerinə səpələniblər”.
H.Babaoğlu heç bir ölkəyə torpaq iddiası etmədiyimizi qeyd vurğulayıb:
“Hazırda tariximizin inkişafının elə bir mərhələsindəyik ki, etno-mədəni coğrafiyamıza sahib çıxmağa hazır olmalıyıq və bu istiqamətdə işlər aparmalıyıq. Amma bütün hallarda bu, qətiyyən hansısa ölkəyə, əsasən də Ermənistana ərazi iddiası deyil. Sadəcə, yaşadığımız etno-mədəni coğrafiyada əcdadlarımızın yaratdığı mədəniyyət üzərində yaşamağımızı davam etdirmək arzusundayıq. Bu isə beynəlxalq hüquqla hər bir insana tanınan haqdır”.
Zaira Akifqızı














