Türkiyədə baş verən təbii fəlakət sonrası xarici ölkələrin də dəstəyi ilə xilasetmə və fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.
Hadisə sonrası Türkiyə ictimaiyyəti iki hissəyə bölünüb. Belə ki, bir qisim insan Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edir, hadisənin miqyasının bu qədər böyük olmasında AKP iqtidarını günahlandırır. Digər bir qisim isə Türkiyənin indiki vaxtında bu kimi müzakirələri edənlərə qarşı sərt tənqid ünvanlayırlar, belələrini Qərbin agenti adlandırırlar.
Diqqətçəkən məqam isə Türkiyədə və Azərbaycanda bu qara PR-la məşğul olan adamların eyni mərkəzdən idarə edildiyi deyilir.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Züriyə Qarayeva deyib ki, Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizi dərindən sarsıtdı:
Züriyə Qarayeva
“Fəlakət qurbanlarının sayı artdıqca ürəyimizin sızıltısı da artdı. Qardaş xalqın acısını öz acımız kimi hiss etdik, duyduq. Məlumdur ki, Türkiyə seysmoloji cəhətdən dünyanın ən aktiv bölgələrindən sayılır. Ölkənin böyük hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu faktor zəlzələlərin mütəmadi baş verməsinə səbəb olur. Belə bir hadisəni hakimiyyətə qarşı mübarizə alətinə çevirmək isə sadəcə rəzillikdir. 1992-ci ildə Ərzincanda, 1999-cu ildə İzmitdə, Gölcükdə, Düzcədə şiddətli zəlzələlər baş verən zaman AK Partiya hakimiyyətdə deyildi. Dünya təcrübəsi də göstərir ki, inşaat sektorunun ən güclü inkişaf etdiyi ölkələrdə belə 7 baldan yüksək zəlzələ dağıntılara səbəb olur. Təbii fəlakətlər hər zaman gözləniləndir. İnsanların acısından bəzi qüvvələrin hakimiyyətə yönəlik kampaniya vasitəsi kimi istifadəsi sadəcə olaraq, sözün ən yaxşı mənasında çirkinlikdir, vicdan yoxsulluğudur.
Türkiyə bu günə qədər çox sınaqlardan üzüağ çıxıb. Bu faciənin də öhdəsindən gələcək. Evlərini itirmiş insanlar dövlət yardımı ilə təmin olunacaq. Bu gün üçün önəmli olan dağıntılar altında qalan insanların sağ çıxarılmasıdır. Belə bir vaxtda iqtisadiyyata yönəlik proqnozlar vermək, insanların çaşqın vəziyyətini manipulyasiya etmək hakimiyyət hərisliyinin nəticəsidir”.
Turan Rzayev
Globalinfo.az














