Türk dünyası birləşir: yeni dövrün əsası qoyulur – Deputat

Türk dünyası birləşir: yeni dövrün əsası qoyulur - Deputat

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkmənbaşı şəhərinə səfərə gəliblər. Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentlərinin Birinci Üçtərəfli Zirvə görüşündə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir:

“Bu kontekstdən bugünkü sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.

Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur”.

V.Bayramovun sözlərinə görə, Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər:

“Ona görə də qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir. Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər. Nəqliyyat, logistika və beynəlxalq yükdaşımalar da tərəflərin diqqət mərkəzindədir.

1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir”.

Turan Rzayev
Globalinfo.az