Tural Abbaslının xanımı namizədliyini irəli sürməsinin “sirrini” açdı

Tural Abbaslının xanımı namizədliyini irəli sürməsinin “sirrini” açdı

AĞ Partiyanın başqanı Tural Abbaslının xanımı Nərmin Abbaslının deputatlığa namizədliyini irəli sürməsi ictimaiyyətdə maraqla qarşılanıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Nərmin Abbaslı seçkilərə ilk dəfə qatıldığını bildirib.

O, özü ilə bağlı maraqlı və təsirli faktları bölüşüb:

“Sizə bir az uşaqlığımdan və yetkinlik illərimdən danışım. Atam İkram İsrafil 2000-ci ildən Müsavat Partiyasının üzvüdür və aktiv siyasi fəaliyyətlə məşğul olub. Müxalif mövqeyinə görə təqiblərə, sutkalıq həbslərə məruz qalıb. Atamın siyasi fəaliyyətinə görə oxuduğum məktəbdə də buling olunurdum, ayrı-seçkiliyə məruz qalırdım və s. Sonrakı illərdə atam Müsavat Partiyasının üzvü kimi millət vəkili seçildi. İl 2024-cü ildir, atam hələ də Müsavat Partiyasının üzvüdür və siyasi fəaliyyətlə məşğuldur. Ailə qurduğum insanı da hər kəs tanıyır. O da özünü biləndən aktiv siyasi fəaliyyətlə məşğuldur. Hətta atamla bərabər 20 ilə yaxın eyni partiyada mübarizə aparıblar. Yoldaşım hələ AĞ bloku təsis edəndə də, partiya quranda onunla idim. Bunları ona görə izah edirəm ki, yəni uşaqlıqdan bu yaşıma qədər siyasi mühiti görə-görə gəlmişəm. Gözümü açandan, özümü biləndən siyasi mühitin içindəyəm. İnsan ailəsini seçə bilmir (gülür)”.

Tural Abbaslının xanımı namizədliyini irəli sürməsinin “sirrini” açdı

Nərmin Abbaslı uşaqlıqdan mitinqlərdə iştirak edərək böyüdüyünü, siyasi tədbirlərdə ön sıralarda həmişə şeir dediyini və Müsavatın himnini səsləndirdiyini bildirib:

“Yetkinlik yaşlarımda, universitetdə oxuduğum illərdə siyasi məhbus məhkəmələrində iştirak etmişəm. Yəni mənim həyatım bu proseslərin içində keçib. Bu mühit və həyat mənə yad deyil. Bu gün də AĞ Partiya İdarə Heyəti üzvü kimi fəaliyyət göstərirəm. Siyasətdən uzaq qalmağı düşünməmişəm. Çünki mənim öz şəxsi düşüncəmdir ki, hər bir şüurlu vətəndaş ölkəsində gedən siyasi proseslərə laqeyd qalmamalıdır. Əgər siyasi mühitdəsənsə, partiyada təmsil olunursansa, ölkədə keçirilən seçkilərdə də iştirak etməlisən deyə düşünürəm. Bu, çox vacibdir. Seçkidə iştirak etmiriksə, ölkədə gedən proseslərə təsir imkanlarımız yoxdursa, münasibət bildirmiriksə, o zaman niyə siyasi fəaliyyətlə məşğuluq? Ya da bir partiya seçkidə iştirak etmirsə, niyə siyasi arenada var?”

N.Abbaslı deyib ki, hamı namizədliyini verəcək, hamı seçiləcək deyə bir qanun yoxdur:

“Bizim partiya olaraq əsas hədəfimiz rayon təşkilatlarımızın dəstəyi ilə seçki mühitindən istifadə edərək insanlar arasında partiyamızı, dəyərlərimizi daha çox təbliğ etmək, tanıtmaqdır. Ölkədə nəyisə dəyişmək istəyiriksə, bu birdən-birə ola bilməz. Ən azından keyfiyyətli seçki mühiti üçün keyfiyyətli, adekvat, insanlara xitab edə bilən namizədlərin olmasının özü insanlarla ünsiyyətdə ilkin mərhələ üçün kifayət qədər müsbət addımdır deyə düşünürəm”.

Zaira Akifqızı
Globalinfo.az