USAİD proqramlarının dondurulmasından əvvəl vəd etdiyi 250 milyon dolların təxminən yarısını Ermənistana köçürə bilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur.
Məlumata görə, rəsmi İrəvan 2024-cü ildə baş nazirin müavini Mqer Qriqoryan və təşkilatın nümayəndəsi Con Alelo tərəfindən imzalanan USAİD ilə qrant sazişinin ümumi paketindən 110 milyon dollar əldə edib.
Vəsaitlərin əsas hissəsinin, yəni təxminən 60 milyon dolların Ermənistanın iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə yönəldiləcəyi bildirilir.
Ümumi məbləğdən dövlət aparatının “səmərəli idarə olunmasına” 18,9 milyon dollar xərclənəcəyi, vətəndaş cəmiyyəti və mediaya 13,6 milyon dollar ayırılacağı deyilir. 1 milyon dolların isə humanitar yardım üçün sərf olunması nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın qərarı ilə USAİD-in fəaliyyəti bir müddət öncə dondurulub. Bəzi ölkələrin təşkilatın fəaliyyətindən narazı olduğu əsas göstərilərək araşdırma başladılıb.
Maraqlıdır ki, Vaşinqton bundan öncə bir neçə ölkəyə, o cümlədən Ermənistana maliyyə vəsaitinin köçürülməsi prosesini bu təşkilat üzərindən həyata keçirib. İndi yardımların dayanması səbəbindən İrəvandakı dairələrin əlavə maliyyə qaynaqları axtarmağa başladığı bildirilir. Hətta yerli qeyri-hökumət təşkilatlarının hakim Mülki Müqavilə Partiyasından dəstək almağa çalışdıqları qeyd olunur.
Ayşən Mustafa
Globalinfo.az














