Trampdan “qızıl dövr” hazırlığı – Dünya nizamı dəyişir?

Trampdan “qızıl dövr” hazırlığı - Dünya nizamı dəyişir?

ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində dediyi “Amerikanın qızıl dövrü başladı”, “Dünya yeni Amerikanı görəcək” və s. bəyanatları maraq doğurur. Diqqətçəkən digər məqam isə Trampın Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalamasıdır.

Bu addım ABŞ-ın BMT, NATO və s. kimi beynəlxalq siyasi və hərbi birliklərdən çıxmasına səbəb ola, belə təşkilatları yenidən formatlaya bilərmi? Yer kürəsi ABŞ-ın hədəfindəki dünyaya, yeni mərhələyə keçidin ilk vaxtlarını yaşayır?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Trampın addımlarını ilk prezidentlik dövrü ilə müqayisə edəndə ÜST-dən çıxacağı, Paris İqlim Anlaşmasından çəkiləcəyi gözlənilən idi:

“Tramp bunu əvvəl də etmişdi. Burada məqsəd, yəni “Öncə Amerika” siyasətinin əsas hədəfi ABŞ-ın gücünü qaytarmaqdır. Bu baxımdan, ABŞ-ın hədəfinin dünyanı yeni mərhələyə keçirməkdən daha çox, qlobal güc üzərində nəzarəti qorumaq olduğu görünür.

Çünki ABŞ XX əsrin siyasi nizamında qlobal gücə çevrilib, XXI əsrdə bu nizamın dağıldığı müşahidə edilir, hərbi və siyasi ittifaqların mahiyyəti dəyişir. Tramp bu mərhələdə “Öncə Amerika” prinsipi ilə ölkənin gücünü saxlamağa, təsir imkanlarını genişləndirməyə çalışacaq. Bu prosesdə NATO və BMT da daxil olmaqla beynəlxalq strukturlar, hərbi və siyasi ittifaqlar daxilində aşınmaların, qarşıdurmaların yaşanacağı gözləniləndir”.

Turan Rzayev

Globalinfo.az