Tramp Rusiya neftinin tədarükünə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.
“NBC News”a bazar günü səhər saatlarında telefonla müsahibə verən Tramp bildirib ki, əgər Rusiya ilə Ukraynadakı qan tökülməsini dayandırmaq üçün razılığa gələ bilməsə və bunun Moskvanın günahı olduğunu düşünsə – bu elə də ola bilər, olmaya da bilər – Rusiya neftinin ixracına ikinci dərəcəli tariflər tətbiq edəcək.
“Bu o deməkdir ki, əgər siz Rusiyadan neft alırsınızsa, ABŞ-da biznes qura bilməyəcəksiniz”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, Rusiyadan gələn bütün neftə 25 faizdən 50 faizə qədər tariflər qoyulacaq.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskiyin legitimliyini şübhə altına alan açıqlamalarına görə çox qəzəbləndiyini bildirib. O, bu bəyanatların düzgün istiqamətə yönəlmədiyini qeyd edib.
“Agence France-Presse” xəbər verir ki, Putin cümə günü Ukraynada keçid hökumətinin yaradılmasını təklif edib ki, bu da faktiki olaraq Zelenskiyin hakimiyyətdən uzaqlaşdırılması anlamına gələ bilər.
Aysel Əliyeva
Globalinfo.az














