Tramp Baydenin bu qərarını ləğv edir: Gürcüstanı niyə “xərclədilər”?

Tramp Baydenin bu qərarını ləğv edir: Gürcüstanı niyə “xərclədilər”?

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin son açıqlaması müzakirələrə səbəb olub. Belə ki, o, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Gürcüstanın ABŞ-la münasibətləri bərpa etməyə hazır olduğuna diqqət çəkib.

Bəzi ekspertlər bunu Gürcüstanın qurtuluşu adlandırır.

Sözügedən proses nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-la münasibətlərin yaxşılaşdırılması Gürcüstan üçün ən uğurlu seçimdir:

“Demokratların hakimiyyətində həm regiona, həm də digər ölkələrə baxış, yanaşma fərqli, mürəkkəb idi. Bu da stabilliyi pozurdu. Harada stabilliyi pozmağa şans var idisə, demokratlar bunu edirdi. Respublikaçılar isə regionumuza praqmatik baxırlar. Hazırda regionda lider ölkə olan Azərbaycanın ABŞ-la münasibətləri yaxşıdır. Gürcüstanda da eyni tendensiya müşahidə edilir. Demokratlar Ermənistana tam dəstək verirdilər və onların əli ilə regionda sabitliyi pozurdular. Gürcüstandan isə maraqları naminə istifadə edirdilər.

Tramp Baydenin bu qərarını ləğv edir: Gürcüstanı niyə “xərclədilər”?

Rizvan Hüseynov

Ümumiyyətlə, Ermənistana gedən yolda Gürcüstanı “xərcləyirdilər”. Nəticədə Cənubi Qafqaz təhlükəsizlik baxımından böyük zərbə alırdı. Azərbaycana qarşı isə açıq düşmənçilik siyasəti yürüdülürdü”.

Politoloqun sözlərinə görə, Respublikaçıların hakimiyyəti dövründə ABŞ-ın Azərbaycana münasibəti daha yaxşı olacaq:

“Azərbaycanla yanaşı Gürcüstanla da münasibətlərin normallaşması gözlənilir. Bir sözlə, Ermənistan faktoru ikinci plana atılacaq. Co Bayden administrasiyası da Trampın Cənubi Qafqaz düzəninə zərbə vurmaq üçün Ermənistanla strateji müttəfiqlik sazişi imzaladı. Bu sənəd ratifikasiya olunmayıb. Trampın isə hələ hakimiyyətdə birinci günüdür və Baydenin bəzi qərarlarını ləğv etməyə başlayıb”.

Safura Bənnayeva
Globalinfo.az