Tokayev Putinin üzünə dedi ki… – Qazaxıstan prezidentinin səfərində mühüm detallar

“Necə ki Azərbaycan-Türkiyə strateji münasibətləri, tarixinin ən qızıl dövrünü yaşayır, eləcə də Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında əlaqələr tarixinin çiçəklənmə dövrünü yaşayacaq”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Nursultan Nazarbayevdən sonra hakimiyyətə gələn Tokayevin Rusiyaya yaxın olacağı proqnozları özünü doğrultmadı:

Elxan Şahinoğlu

“Belə fikirlər də səslənirdi ki, Tokayev hakimiyyətini qorumaq məsələsində Rusiyadan dəstək aldığı üçün Kremldən asılı vəziyyətə düşəcək. Bunlar da yanlış çıxdı. Əksinə, Tokayev rusiyalı həmkarı Vladimir Putinin üzünə baxaraq dedi ki, Qazaxıstan Donbası Rusiya ərazisi kimi tanıya bilməz.

12 mart 2024-cü il, Kasım-Jomart Tokayev və İlham Əliyev Füzulidə

Bakıda olan Tokayev Azərbaycan və Türkiyə ilə ittifaqı gücləndirməyə maraq göstərir, türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini dəstəkləyir. Bu əlaqələr müxtəlif ortaq layihələrin reallaşması ilə daha da güclənəcək. Özbəkistan da bu siyasətində Qazaxıstandan geri qalmır. Bu minvalla Türk Dövlətləri Təşkilatının bölgədə real gücə çevrilməsi şansı artıb”.

Politoloq Zeynal Əmrəliyev isə deyib ki, Azərbaycan son zamanlar uğurlu sosial-iqtisadi layihələrdə aparıcı ölkə rolunda çıxış edir:

Zeynal Əmrəliyev

“Regional layihələrin böyük əksəriyyətinin müəllifi məhz ölkəmizdir. Xüsusilə işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra Azərbaycanın əhəmiyyəti artıb. Azərbaycan Şərq və Qərbin qovşağında yerləşir, bu da ölkəmizin əhəmiyyətini artır.

Azərbaycan hazırda regiondakı bütün ölkələr üçün cazibə mərkəzidir. Həm Şərqdə, həm Qərbdə dövlətlər Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar. Bu da ölkəmizin hər zaman qlobal layihələrdə sözü ilə əməlinin bir olmasından qaynaqlanır. Hazırda da müxtəlif ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfər edərək ölkəmizdə ikitərəfli əlaqələrin qurulmasına çalışırlar.

Qazaxıstan türk dünyasının aparıcı dövlətindən biridir. Cənab prezident bir müddət öncəki çıxışında Azərbaycanın yerini göstərdi. “Bizim ailəmiz türk dünyasıdır” deyən dövlət başçısı türk dünyası ilə əlaqələrin inkişafını əsas prioritet elan edib. Bizim yolumuz türk dünyasıdır. Qazaxıstan türk birliyinin ən böyük güclərindəndir. Prezident Qasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Rusiya Azərbaycanın strateji müttəfiqidir. İki ölkə arasında çox geniş əməkdaşlıq mühiti var.

Hazırda hökumətlər bu əlaqələri daha da genişləndirmək üçün çalışırlar. Bu cür addımlar regionda Azərbaycanın gücünə güc qatacaq və bizi regionun ən böyük gücünə çevirəcək”.

Turan Rzayev
Globalinfo.az