“Təslim olmaq yox, balanslaşdırılmış razılaşma üçün ABŞ ilə danışıqlarda iştirak edirik”.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri Əli Şəmxani Romada bu gün baş tutan İran və ABŞ arasında nüvə danışıqlarının ikinci raundu ilə bağlı açıqlamasında deyib.
O, “X” hesabında paylaşdığı paylaşımda İran nümayəndələrinin doqquz prinsip əsasında hərtərəfli razılaşma əldə etmək üçün tam səlahiyyətlə Romaya getdiyini bildirib və gözləntilərini belə sıralayıb:
“Ciddilik, zəmanət vermək, balanslı olmaq, Liviya/BƏƏ modelini tətbiq etməmək, sanksiyaları aradan qaldırmaq, təhdidlərdən qaçmaq, danışıqlarda sürətli olmaq, (İsrail kimi) fitnə-fəsad törədənləri nəzarət altında saxlamaq və investisiyaları asanlaşdırmaq”.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçının başçılıq etdiyi danışıqlar qrupu Romada ABŞ ilə danışıqların ikinci raundunu aparıb.
Görüş Oman səfirinin iqamətgahında keçirilib.













