Tənzilə Rüstəmxanlı Globalinfo.az-ın redaksiyasına gəldi: “Bu saytın bir obrazı var”

Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgər və “Diaspor Press” informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdili Globalinfo.az-ın redaksiyasında qonaq olublar.

T.Rüstəmxanlı saytın rəhbəri, Əməkdar jurnalist Azər Ayxan və kollektivin üzvləri ilə görüşüb, öz xeyir-duasını verib, sayt haqqında fikirlərini bildirib:

“İlk növbədə sizi təbrik edirəm! Çoxdandır gəlmək istəyirdim, qismət bu günə imiş. Uzun zamandır oturuşuna, duruşuna, əxlaqına sayğı ilə yanaşdığım Azər Ayxan obrazı var mənim gözümdə. Belə bir sayt yaradıb, onun başında durmasını o qədər təbii, Azərbaycan mətbuatı üçün uğurlu hesab edirəm ki. Biri var, mənşəyi bəlli olmayan, göydəndüşmüş biri gələ mətbuat orqanının başına, biri də var uzun illər, gənc yaşlarından ömrünü bu yola, işə vermiş birisi ola. Azər bəyin mətbuatda olmasını Azərbaycan mediası üçün bir qazanc hesab edirəm. Şükürlər olsun bu gün çoxları Azər Ayxan imzasına sayğı ilə yanaşır. Köşə, eləcə də analitik yazılarını çox böyük sevgi və hörmətlə oxuyuram”.

T.Rüstəmxanlı deyib ki, Globalinfo.az saytının bir obrazı var:

“Bu obrazın əsasında peşəkarlıq, obyektivlik, qərəzsizlik, hadisələrə çevik reaksiya və təmkin dayanır. Ölkəmizin belə media resurslarına çox ehtiyacı var. Azərbaycan hazırda çox ciddi bir informasiya müharibəsi aparır. İnformasiya sərhədlərimizin qorunması üçün peşəkar jurnalist ordusuna, təcrübəli qələm adamlarına, ictimai rəyə təsir gücü olan saytlara ehtiyac var. İnanıram, Globalinfo və onun kollektivi bu şərtlərə ciddi əməl edir”.

Qonağımız saytın yaxın zamanlarda daha da böyüyəcəyinə ümid etdiyini vurğulayıb:

“Qısa müddətdə xeyli məsafə qət etmisiniz. 10 ay ərzində buralara gəlib çıxmısınızsa, yaxın gələcəkdə saytın böyüyəcəyinə şübhəm etmirəm. Bu iş peşəkarlıq, təmkin, obyektivlik tələb edir. Oxucu bu cür saytları oxumağa üstünlük verir. Cığal, qərəzli saytlar insanları bezdirir. Sizə çıxdığınız bu çətin, həmçinin şərəfli yolda ugurlar arzu edirəm”.

“Azəri öz övladım kimi çox sevirəm. Çünki o, etik normaları ən üst səviyyədə görən, qoruyub saxlayan birisidir. Jurnalist nə ilə yadda qalır?! Qələmi və gözəl əxlaqı ilə. Bunların hər ikisi Azər Ayxanda var. Bura gəlməyimin də səbəbi budur. Biri var, ziyarətə sadəcə getmək istəyəsən, biri də var sevgi ilə gedəsən. Mən çox böyük sevgi və zövqlə gəldim bura. Fikirləşdim ki, bir ananın da xeyir-duası lazımdır. Belə hörmətli yerə gəlmək mənim üçün xoşdur. Uğurlar, təbriklər” – Tənzilə Rüstəmxanlı bildirib.

P.S. Tənzilə Rüstəmxanlının Globalinfo.az-a geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Zaira Akifqızı
Globalinfo.az