rehman sahhuseynli1

Bir neçə gün öncə xəbər vermişdik ki, Azərbaycanın Avropa ölkələrindən birində fəaliyyət göstərən səfirliyində dava düşüb. Globalinfo.az diplomatik mənbələrdən əldə etdiyi məlumat əsasında yazmışdı ki, səfirliyin Rəhman adlı birinci katibi səfirliyin Qafqaz adlı müşaviri və səfir tərəfindən fiziki zorakılığa məruz qalıb. Yəni döyülüb.

Sonradan aydın oldu ki, hadisə Yunanıstandakı səfirliyimizdə baş verib. Fiziki zorakılığa məruz qalan şəxsin birinci katib Rəhman Şahhüseynli olduğu bildirildi. Onun səfir Arif Məmmədov tərəfindən döyüldüyü deyildi.

Məlumatla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və R.Şahhüseynli açıqlama yayaraq döyülmə faktını təkzib etdilər. XİN-in məlumatında deyilirdi ki, Rəhman Şahhüüseynli bəzi qaydaları pozduğu üçün xidmətdən geri çağırılıb və işdən azad edilib.

R.Şahhüseynli isə mediaya açıqlamasında işin əslində ailə məsələsinin dayandığını bildirib. Onun ötən gün yayılan bəyanatında deyilir ki, həyat yoldaşından boşandıqdan sonra övladı məhkəmənin qərarı ilə onda qalıb. Bu da keçmiş qohumlarını qəzəbləndirib və barəsində bu cür həqiqətə uyğun olmayan söhbətlərin yayılmasına rəvac verib.

R.Şahhüseynli bu gün (31 yanvar) yenidən redaksiyanıza müraciət edib. Globalinfo-nun elektron poçtuna onun adından gələn məktubda bildirilir ki, bütün baş verənlər uşağa görədir:

“Məsələnin mahiyyəti ailə-məişət və uşaq mövzusu olduğu üçün detallara girmək istəmirəm. Media nümayəndələrini də bu tip xəbərlərə həssas yanaşmağa, paylaşmamağa çağırıram”.

O, bir daha bildirib ki, keçmiş qohumları müxtəlif yollarla ona təzyiq edir, hazırda davam edən məhkəmələrdə üstünlük əldə etmək istəyirlər:

“Vaxtilə uşağa qarşı qanunsuz və amansız əməllər törətmiş Sumqayıt İcra idarəsinin bəzi məmurları da keçmiş qohumlarımla eyni cəbhədə mənə qarşı “vuruşduqlarına” görə məsələ çox eybəcər forma almaqdadır. Şikayətim əsasında həmin məmurlardan bəziləri artıq işdən uzaqlaşdırılmış, bəziləri tənbeh olunmuşdur. Səlahiyyətindən sui-istifadə edərək, qisas zəminində mənə və uşağa qarşı qərəzli və qanunsuz əməllər törədən icra məmurları ilə bağlı, 10 gün əvvəl ədliyyə nazirinin müavini cənab Mübariz Əhmədovun vətəndaş qəbulunda olaraq, məsələni çılpaqlığı ilə, sənəd və sübutlara diqqətə çatdırmışam. Mənə verilən məlumata görə, həmin məmurlar barədə artıq xidməti araşdırma başlanmışdır.

Bu tip xəbərlərin hansı məkrli niyyətlə və kimlər tərəfindən mediaya sızdırıldığını təxmin etmək, hesab edirəm ki, o qədər də çətin deyil. Bu qədərini də media nümayəndələrinə buraxıram”.

Malik Liftiyev
Globalinfo.az

Paylaş: