TƏCİLİ: Paşinyan Zəngəzura getdi – Nə baş verir? “Globalinfo”nun ŞƏRHİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikə (Zəngəzur) gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilir ki, Paşinyan bazar ertəsinə qədər (17 iyun) orada olacaq.

Nəşrin əldə etdiyi məlumata görə, Paşinyan Qafan, Gorus, Kacaran və Meğriyə də səfər edəcək.

Paşinyanın səfərindən əvvəl onun təhlükəsizliyini təmin etmək üçün polis qüvvələri və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Sünikə (Zəngəzur) yola düşüb.

Globalinfo.az bildirir ki, Nikol Paşinyan bölgələrə səfərindən sonra ciddi qərar verir. Məsələn, Tavuş bölgəsinə səfərləri Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə nəticələndi. Paşinyan Tavuşda yerli sakinlərlə görüşündə onlarla açıq danışırdı. Bildirirdi ki, bu kəndlər Azərbaycana məxsusdur və sahibinə qaytarılmalıdır. Tavuşda Paşinyan bu kəndlərin qaytarılmayacağı təqdirdə yeni eskalasiyanın olacağını da yerli sakinlərə açıqca bildirirdi. Həmin vaxt Ermənistanda bu fikir əsas təşkil edirdi ki, əgər anklav olmayan kəndlər qaytarılmasa, Azərbaycan Ordusu prosesi nəzarətinə götürəcək.

N.Paşinyanın Zəngəzura (Sünikə) səfərində də yeni sensasion qərarların verilə biləcəyi istisna edilmir. Ola bilsin, Zəngəzur dəhlizinin açılacağı ilə bağlı bəyanat səslənsin. Düzdür, Ermənistan rəsmiləri, politoloqları Zəngəzur dəhlizi ifadəsini işlətmir, onlar daha çox kommunikasiyaların açılması kimi alternativ söz birləşməsindən istifadə edirlər. Amma bu, məsələnin mahiyyətini dəyişmir.

N.Paşinyanın Zəngəzura səfəri bütövlükdə Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə aça bilər. Proseslərin pozitiv istiqamətdə inkişaf edəcəyi daha çox inandırıcıdır.

Bir məqamı da xatırladaq ki, bu günlərdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Ermənistanda səfərdə olub. O, Azadlıq Radiosunun Ermənistan redaksiyasına açıqlamasında olduqca ciddi bəyanatlar səsləndirib. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından tutmuş, kommunikasiyaların açılmasının zəruriliyinə qədər xeyli məsələlərə diqqət çəkib. Onun bu müsahibəsi Orta Asiyadan Qafqazlara, Yaxın Şərqdən Avropaya böyük bir yol xəritəsinin təqdimatı hesab oluna bilər.

Ceyms Obrayen İrəvanda olanda demişdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə razılığa gəlməyin vaxtıdır.

Müşviq Tofiqoğlu
Globalinfo.az