“Boz kardinal”a tarixi xəyanət: Zurabişvili debata çağırdı

"Boz kardinal”a tarixi xəyanət: Zurabişvili debata çağırdı

Gürcüstanda siyasi böhran kritik həddə çatıb.

Globalinfo.az xəbər verir ki, öz iqamətgahında açıqlama verən Prezident Salome Zurabişvili Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişvilini debata çağırıb.

O bildirib ki, İvanişvili Gürcüstanla bağlı planının nə olduğunu izah etməlidir:

“Heç kim onun real olaraq nə istədiyini anlamır. Mən İvanişvilini debatlara dəvət edirəm. Özünü baş idarəçi sayırsa, qoy gəlsin. Mən ölkənin birinci simasıyam, gəlsin, debatda aydınlaşdıraq”.

Qeyd edək ki, Salome Zurabişvili ilə hökumət arasında vəziyyət xarici agentlər haqqında qanunun qəbul edilməsindən sonra gərginləşib. Zurabişvili hökuməti Rusiyaya inteqrasiyada ittiham edib. Ölkənin “boz kardinalı” sayılan İvanişvili bununla razılaşmayıb.

Maraqlı məqam odur ki, Gürcüstan Prezidenti məhz Gürcü Arzusu Partiyasının dəstəyi ilə prezident seçilib. O, bir zamanlar İvanişvili ilə sıx münasibətlərə sahib olub. Lakin Zurabişvili bununla ikinci prezidentdir ki, “Gürcü Arzusu”nun dəstəyi ilə prezident olduqdan sonra onunla toqquşmaya gedir.

Əliyar Xəlil
Globalinfo.az