Tbilisidə müxalifətin əsas qüvvəsi hərəkətə keçdi – Nələr baş verəcək?

IMG 3228

Gürcüstanın paytaxtı Tbilisidə vətəndaş etirazları yenidən başlayıb. Son həftələrdə müxalif partiyalar tərəfindən həyata keçirilən aksiyalardan fərqli olaraq, “Daitove” platforması sosial şəbəkələr vasitəsilə aksiya təşkil edərək insanları küçələrə çıxarıb.

Məlumata görə, bu, Feysbuk sosial şəbəkəsinin gürcü seqmentində ən aktiv və böyük qruplardan biridir. Xarici agentlər haqqında qanuna qarşı kütləvi etirazlar zamanı da həmin sosial platforma etirazlara dəstək olmaq üçün bölgələrdən gələnlərə nəqliyyat və pulsuz mənzillə köməklik göstərib.

Adıçəkilən platformanın 200 mindən çox aktiv üzvü var. Onların əhəmiyyətli hissəsi gənclərdir. Lakin aksiyaya müxtəlif yaşlarda insanlar gəlib. “Daitove” Gürcüstanı Avropanın bir hissəsi kimi görmək istəyən hər kəsi mitinqə çağırıb. Aksiya təşkilatçılarının tələbi dəyişməzdir. Onlar oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin saxta və qeyri-legitim kimi tanınmasını, xüsusi beynəlxalq komitənin nəzarəti altında yeni seçkilər təyin edilməsini istəyirlər.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Gürcüstan müxalifətinin hazırkı etirazları seçki öncəsi kampaniya dövründə mütəmadi olaraq səsləndirilən fikirlərin təzahürləridir:

“Hələ 26 oktyabr tarixində keçirilmiş seçkilərdən əvvəl də Prezident Salome Zurabaşvilinin rəhbərlik etdiyi müxalifət fraksiyası hakim Gürcü Arzusu Partiyasının qələbə çalacağı təqdirdə seçkinin nəticələrini tanımayacağını elan etmişdi. Belə kəskin və aqressiv mövqeyin ifadə olunmasında Qərbin maraqları və təsir mexanizmləri də istisnasız olaraq qeyd edilməlidir. Ona görə də bu etirazlar gözlənilən idi. Amma etirazlar fonunda müxalifətin mövcud hakimiyyətə hər hansı bir təsir gücünə sahib ola biləcəyini düşünmürəm. Çünki hazırda tarixi təcrübədən irəli gələn praqmatik yanaşmalar gürcü cəmiyyətində üstünlük təşkil edir.

Ayten Qurbanova 1532

Aytən Qurbanova

Bu, seçkinin nəticələrində də özünü bariz şəkildə büruzə verdi. Hətta ATƏT-in və bir sıra başqa institutlarının hesabatlarında da qeyd olunan seçki saxtakarlıqlarının ümumi nəticəni dəyişməyəcəyi ifadə olunub. Deməli, əhalinin 54 faizinin dəstəyini qazanan hakim partiyanın mövqeyi müxalifətin iddialarının əksinə olaraq daha möhkəm əsaslarla müdafiə olunur. Gələcəkdə Prezident Zurabaşvilinin aqibətinin necə olacağı isə onun atacağı addımların hansı ölçüdə olmasından birbaşa asılıdır”.

Turan Rzayev
Globalinfo.az