Tarixçi alim Zaur Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya müraciət edib.
Globalinfo.az xəbər verir ki, o, yerli telekanallarda olan bəzi verilişlərin ailə dəyərlərinə zidd olduğunu vurğulayıb.
Həmin müraciəti təqdim edirik:
“İnanın, Azərbaycanda ailə dəyərləri, ailə münasibətləri, övlad tərbiyəsi yaxşı vəziyyətə doğru getmir. Bilmirəm, baxırsınız bizim telekanallara, yoxsa yox, amma dəhşətli hadisələr baş verir. Millətin bütün dəyərləri qalıb bir neçə aparıcı və onların efirlərə çıxardığı “ailələrin” ayaqları altında. Telekanallardakı sosial proqramlarda ailə sirlərinin bu cür açıq formada təqdim edilməsi dəyərləri uçruma aparır, cəmiyyətdəki aqressiyanı sürətləndirir. Ölkədə demoqrafik problem bir yana, ailələr sürətlə dağılır, nikahların sayı isə durmadan azalır. Səbəb nə sosial problemlər, nə işsizlik, nə də maddiyyatdır. SƏBƏB: Telekanalarda baş verənlərin gənclərin psixikasına ciddi təsir etməsidir. Mən gənclərdən belə verilişlərdə baş verənləri görüb qorxu içərisində ailə qurmaq istəmədiklərini dəfələrlə eşitmişəm. Hər kəs elə bilir ki, ailələrdə xəyanətlər, dava-dalaş və sevgisizlik belə olur”.
Alim müraciətdə həmin verilişlərin aparıcılarının adlarını da qeyd edib:
“Aparıcılar Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaş, Elgiz Əkbər və digərlərinin verilişlərində İslam və Aynur, Arzu və Aslan, Aslan və Aygün və digərlərin ailə problemlərinin o səviyyədə əxlaqsız formada müzakirləri gedir. Hələ o yaşlı, Ceyran adlı qadın… Ömrümüzə oturub onun hərəkətləri, ailə münasibətlərində bir ana yox, qayınana yox, əfi ilan kimi çıxış etməsi. Efirdə xəyanət söhbətləri kişilər tərəfindən elə edilir ki, elə bil bizim xalqda bu belə olub, guya hər zaman bütün kişilər arvadlarını açıq müzakirəyə qoyub. Bu, belə deyil. Bizim ailə dəyərlərimiz belə olmayıb axı. Hələ aparıcıların şit, mənasız və mədəniyyətsiz sözləri, hərəkətləri, çıxışları, Efirlərdə baş verən mübahisələr, müzakirələr… Hələ cəmiyyətdə az-çox hörməti olmuş insanların efirlərdə ekspert kimi çıxış etməsi lap biabırçılıqdır. Hara qədər gedəcək bu? Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından formalaşıb və orda açıq yazılır: “Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar”. Yoxsa çıxıb efirdə bir-birilərini əxlaqsızlıqda ittiham etmək hansı qanuna, məcəlləyə, sərəncama, mənəvi dəyərlərə sığışır axı. Bəs onların dünyaya gətirdikləri uşaqların taleyi necə olacaq? Onlar bu cəmiyyətdə belə valideynlərə görə necə yaşacaqlar? Cəmiyyətə zərər verən belə sosial verilişlərdə sosial problemlər yox, ailə dəyərlərini məhv edən müzakirələr edilir”.
Zaur Əliyev məktubda ailələrin bu cür verilişlərə görə dağıldığını bildirib:
“Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” – bunlara görə yüzlərlə ailələr dağılır və gələcəkdə cinayətlərə yol açması qorxudur bizləri. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. İnanın, səbrimizi zorla sıxıb saxlayırıq. Bizim içimizdə olan qəzəbin partlayışından qoruyun bizi. Biz artıq dözülməz hisslər yaşayırıq. Bunlar bizim ürək partlamasından ölməyimizə aparır. Kömək edin biz yaşayaq, həyatda qalaq. Xahiş edirəm Bahar xanım, müvafiq qurum olaraq millətin məhv olmasının qarşısını alın”.
Zaira Akifqızı
Globalinfo.az














