“İkinci Qarabağ müharibəsi zamanı insanlıq əleyhinə işlədilən cinayətlər Ermənistan tərəfindən törədildi. Biz tarixin müəyyən dövrlərində müharibələr zamanı bu cinayətlərin şahidi olmuşuq. Müharibənin gedişatı vaxtı Ermənistan ordusunun geri çəkilməsi, döyüş meydanında uduzması ilə hərbi cinayətlər başladı. Gəncəyə və Bərdəyə atılan raketlər zamanı onlarla insan həlak oldu”.
Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan tərəfindən informasiya müharibəsinə də məruz qalıb:
“İnformasiya müharibəsi müasir dövrdə olduqca aktual mövzudur. Dövlətlər bu istiqamətdə işlər görərək mübarizə metodlarını öyrənir. Ermənistan tərəfi hərbi cinayətləri törədərək Azərbaycan xalqının mübarizə əzmini qırmaq istəyirdi. Lakin bu metod işə yaramadı. Xocalı soyqırımı, Ağdaban faciəsini törətmiş bu cinayətkarlar yenə öz silahlarını işə saldı. Xalq olaraq birliyin nümayiş olunması və hərbçilərimizin igidliyi sayəsində torpaqlarımız işğaldan azad olundu.
İnformasiya müharibəsi düşünürəm ki, daima təbliğ olunmalıdır. Mülki əhali arasında çaşqınlıq yaratmaq, beynəlxalq aləmdə informasiyanı öz xeyrinə hesablamaq bu siyasətin tərkib hissəsidir. Xalqın maariflənməsi bu mövzuda olduqca önəmlidir.
Rüstəm Tağızadə
Dövlət başçısı İlham Əliyev müharibə zamanı xarici telekanallara müsahibələr verdi. Böyük dövlətlərin qərəzli mövqeyini tez-tez görürdük. Xalqa arxalanan Prezident güclü iradə ilə beynəlxalq təzyiqlərin öhdəsindən gəldi. Prezident düzgün strategiya yürüdərək Ağdam, Kəlbəcər, Laçın rayonlarının sülh yolu alnmasına nail oldu. Bununla da xeyli sayda canlı itkinin qarşısı alındı. Bu, Azərbaycan üçün çox önəmli idi. Həmin rayonların relyefinin çətin olmasını nəzərə alsaq itkilərimiz çox olardı. Dövlət başçısı bu amilləri nəzərə alaraq vaxtında müharibəni dayandırdı. 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı işğal altında olan torpaqlarımız üzərində tam olaraq suverenliyimizi bərpa etdik. Bu tarixi qələbə Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Geosiyasi reallıqlar regionda dəyişdi.
Hal-hazırda sülh müqaviləsi prosesinə kölgə salan Ermənistan region üçün yenə təhdidlər yaradır. Buna baxmayaq Azərbaycan dövləti ordunun və döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində işlər görür”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində
Turan Rzayev
Globalinfo.az














