Sülh prosesi dalana dirənib?-“Bölgə qan gölünə çevriləcək”

Amerikalı keçmiş həmsədr Ceyms Uorlik Fransanı Ermənistana silah satmaqda qınayıb. Faktiki Parisi sülh prosesini pozmaqda ittiham edib.

Son vaxtlar ABŞ-la Fransanın Cənubi Qafqaz mövzusunda ciddi ixtilaf yaşadıqları, mövqelərinin üst-üstə düşmədiyi deyilir. Vaşinqton sülh sazişinin imzalanması üçün Ermənistana bir-birinin ardınca yüksək vəzifəli şəxslər göndərir, Paris isə ölümcül silah.

ABŞ Fransanı Qafqazda məğlub edə biləcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, bu məsələ əvvəl-axır ABŞ-ın diqqətini çəkməli idi:

“Qərb ortaq mövqedən çıxış edir. Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəyir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki bunun ardınca Rusiyanı Ermənistandan çıxartmağın mümkün olacağını, hava və quru sahələrin Kremlin nəzarətindən çıxacağını düşünürlər. Sonra rəsmi İrəvan Qərbə inteqrasiya edəcək və Rusiya Cənubi Qafqazdan sıxışdırılacaq”.


Turab Rzayev

Politoloqun fikrincə, belə bir zamanda Fransanın Ermənistana yüksək dəqiqlikli ölümcül silahlar verməsi qəbuledilməzdir:

“Bir tərəfdən ABŞ sülh yaratmağa çalışır, digər tərəfdən Fransa silahlandırma ilə məşğuldur. Sual yaranır, onların hazırda məqsədi nədir? Görünür, ortaq mövqedən çıxış etmirlər.

Fransa ATƏT-in Minsk qrupunun keçmiş həmsədridir və bu onun vəziyyətini indi daha da ağırlaşdırır. 30 il Minsk qrupuna həmsədrlik edən Fransa Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına çalışıb, tərəfsiz olduğunu göstərirdi. İndi isə açıq şəkildə İrəvanı dəstəkləyir. Tərəflərdən birini silahlandıran ölkə necə sülh müqaviləsində vasitəçi ola bilər? Hələ rəsmi Paris gah Brüssel, gah da Kişinyov formatında iki ölkə arasında sülh proseslərinə geri qayıtmaq, ATƏT-in Minsk qrupunu yenidən dirçəltmək istəyir. İndiki halda bu, mümkün deyil.

Bundan əlavə Paris bütün beynəlxalq qanunvericilikləri pozur. Çünki ATƏT-in diktə etdiyi beynəlxalq qurumların qərarlarına əsasən münaqişə tərəflərinə silah satmaq olmaz. Amma Paris bütün qaydaları heçə sayaraq addım atır”.

Turab Rzayevin sözlərinə görə, ABŞ-ın Fransanı silah satdığı üçün qınaması müsbət haldır:

“Ermənistanı müdafiə etmək naminə ABŞ rəsmiləri artıq bu prosesə göz yummaq istəmir. Fransanın bu addımının sülh prosesinə zərbə vura biləcəyini, bölgəni qan gölünə çevirəcəyini dərk edə bilirlər”.

Safura Bənnayeva
Globalinfo.az