Son vaxtlar Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı haqda proqnozlar verilir. Qərbli ekspertlər, bəzi erməni politoloqlar bu barədə versiyalar irəli sürürlər. Xüsusilə də Qazaxın işğal altında olan kəndləri fonunda bu ehtimal dövriyyəyə buraxılır.
Maraqlıdır, müharibə ehtimalı varmı? Sülh gözlənildiyi vaxtda yenidən hərbi eskalasiya mümkündürmü?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlama ehtimalı yox dərəcəsindədir:
“Ermənistan hakimiyyəti Vaşinqtonun təlimatı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Təbii ki, İrəvan bu məsələdə təkbaşına qərar verəcək siyasi iradəyə malik deyil. Vaşinqton Ermənistanı məcbur etdi ki, rəsmi Bakının ikitərəfli danışıqlar təklifini qəbul etsin.
Rusiya isə Qarabağın “mübahisəli ərazi” kimi davam etməsində maraqlı idi. Bir müddət əvvəl Vaşinqton Ermənistanın “Sülh qovşağı” planı ilə hərəkət etsə də, artıq bununla bağlı mövqeyini dəyişib.
Həmçinin ABŞ administrasiyası Azərbaycana qarşı sanksiya siyasətindən geri çəkilib. Ümumiyyətlə, dövlət katibi Entoni Blinken praqmatik siyasətçidir və Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir. Rəsmi Bakının təklifi ilə Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqların başlanmasında Blinkenin də rolu var”.
Politoloq deyib ki, gələn ay Vaşinqtonda xarici işlər nazirlərinin görüşü baş tutsa, sülh müqaviləsinin mətni ilə bağlı həll edilməyən punktlar müzakirə ediləcək:
“Sülh müqaviləsi bağlanarsa, burada Ermənistan tərəfindən ABŞ, Azərbaycan tərəfindən isə Türkiyənin imzası ola bilər. Çünki rəsmi İrəvan sülh müqaviləsində ABŞ-ın qarant ölkə olmasında maraqlıdır”.
Turan Rzayev
Globalinfo.az













