Xəbər verdiyimiz kimi, İranın Səhiyyə Nazirliyi Kirman şəhərində Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində törədilən terror aktı nəticəsində 95 nəfərin öldüyünü təsdiqləyib. Bundan əvvəl isə İran mediası 211 nəfərin öldüyü, onlardan 27-nin vəziyyətinin ağır olduğu barədə məlumat yayıb.
Globalinfo.az terror aktına beynalxalq reaksiyaları təqdim edir:
Nə baş verib?
- İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki partlayış baş verib.
- Tasnim agentliyinin məlumatına görə, birinci partlayış Süleymaninin məzarının 700 metrliyində, ikincisi isə təxminən 1 km aralıda baş verib.
- Rəsmi məlumata əsasən, 95 nəfər ölüb. İranın Fövqəladə Hallar İdarəsi ölənlər arasında ən azı 6 uşağın olduğunu bildirib. İlkin məlumatlara görə isə 211 nəfər ölüb, 188 nəfər xəsarət alıb.
- Üç polis də həlak olub.
İran hakimiyyəti necə reaksiya verir?
- “Nour News” portalı xəbər verir ki, İranın Kirman əyalətinin vitse-qubernatoru partlayışları terror aktı kimi qiymətləndirib .
- İran hökuməti yanvarın 4-ü partlayışlarda həlak olanlar üçün milli matəm günü elan edib .
Beynəlxalq reaksiya
- Rusiya Prezidenti Vladimir Putin ölkəyə rəsmilərinə başsağlığı verib.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda baş verən terror aktı ilə bağlı başsağlığı verib.
- Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
- Dövlət Departamenti partlayışlarda ABŞ və İsrailin əli olmadığını bəyan edib.
- Almaniya baş verənləri qınayıb.
- Hizbullah lideri Şeyx Həsən Nəsrullah Süleymani adının hələ də onu öldürənləri təqib etdiyini söyləyib.
- Belarus Prezidenti Aleksandr Lukaşenko Rəisiyə başsağlığı verib.
- Xamenei hücum edənlərin hərəkətlərinə sərt cavab veriləcəyini vəd edərək, həlak olanların ailələrinə başsağlığı verib.
- BMT-nin Baş katibi Antonio Quterreş partlayışları kəskin şəkildə pisləyib .
- Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell İrana başsağlığı verib.













